12px13px15px17px
Tarix:07/12/13

Beynəlxalq ekspert Azərbaycanın rəqəmsal şəbəkədə hüquqlarının idarəçiliyi sistemini yeni nümunə kimi dəyərləndirib

Macarıstanın Budapeşt şəhərində Beynəlxalq Müəlliflər və Bəstəkarlar Cəmiyyətləri Konfederasiyasının (CİSAC) Mərkəzi və Şərqi Avropa ölkələri Bölməsi (BİEM) tərəfindən region ölkələrinin müəllif cəmiyyətləri üçün növbəti illik seminar keçirilib.

Azərbaycan Müəllif Hüquqları Agentliyindən (MHA) verilən məlumata görə, kollektiv idarəetmə sahəsində ən yaxşı təcrübənin öyrənilməsinə və kollektiv idarəetmə təşkilatları ilə nəzarətedici orqanlar arasında əlaqələrin inkişafı mövzusuna həsr edilmiş sayca 10-cu illik seminarda müəllif-hüquq sahəsində dövlət siyasətini həyata keçirən MHA-nın Əsərlərin qeydiyyatı və hüquq şöbəsinin müdiri Xudayət Həsənli və “Azərbaycan Müəllifləri” İctimai Birliyinin sədri İsmayıl Məmmədkərimov iştirak ediblər.

Seminarda müəlliflik hüququ və əlaqəli hüquqların kollektiv əsasda idarəçiliyi üzrə Avropa İttifaqının yeni Direktiv layihəsi ətrafında geniş fikir mübadiləsi aparılıb.

Azərbaycan Müəllif Hüquqları Agentliyinin nümayəndəsi ölkəmizdə kollektiv idarəetmə təşkilatlarının tarixi, müəllif-hüquq subyekti kimi onların fəaliyyətinə dövlət nəzarətinin formaları, hüquqi əsasları və prinsipləri barədə məlumat verib.

Seminarda məruzə ilə çıxış edən əqli mülkiyyət üzrə tanınmış beynəlxalq ekspert, Macarıstan təmsilçisi Mixail Fisçor rəqəmsal şəbəkədə hüquqların idarəçiliyi üzrə Azərbaycan Müəllif Hüquqları Agentliyinin tabeliyindəki Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzində yaradılmış sistemi yeni nümunə kimi qeyd edib.

Məlumat üçün bildirək ki, Beynəlxalq Müəlliflər və Bəstəkarlar Cəmiyyətləri Konfederasiyası 1926-cı ildə yaradılıb. Mənzil-qərargahı Paris şəhərində yerləşir. Hazırda CİSAC-da 121 ölkəni təmsil edən 229 müəllif cəmiyyəti birləşib. Bu cəmiyyətlər musiqi, ədəbi, audiovizual, qrafik və tətbiqi incəsənət əsərləri yaradan 2,5 milyon nəfərdən çox müəllifin maraqlarını təmsil edirlər.

CAHANGİR
 



Baxış sayı: 979

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024