12px13px15px17px
Tarix:10/12/13

“Mən Azərbaycanlıyam” onlayn bilik yarışmasının növbəti qalibləri mükafatlandırıldı

Bu gün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) "Mən Azərbaycanlıyam" onlayn bilik yarışmasının noyabr ayı üzrə 1-ci, 2-ci və 3-cü ongünlüklərin, həmçinin noyabr ayının qaliblərini mükafatlandırma mərasimi keçirilib.
 
Tədbirdə nazir müavini Elmir Vəlizadə çıxış edərək bildirib ki, "Mən Azərbaycanlıyam" yarışması ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunub və "İnformasiya-kommunikasiya texnologiyaları ili" çərçivəsində həyata keçirilir.
 
O, son qalib iştirakçıları təbrik edərək deyib ki, yarışma müddətində ümumilikdə 231.224 nəfər özünün bilik səviyyəsini sınaqdan keçirib. Bu  günə kimi oynanan oyunların ümumi sayının 8 milyondan çox olduğunu vurğulayan E.Vəlizadə bunu yarışa olan böyük marağın bariz nümunəsi kimi qiymətləndirib.
 
Nazir müavini yarışda iştirak üçün qeydiyyatdan keçənlərin 59%-nin kişi, 41%-nin isə qadın istifadəçiləri olduğunu və yarışma iştirakçılarının 28%-nin bölgələrdən qoşulduğunu diqqətə çatdırıb:
 
 "Əlbəttə, sadalanan rəqəmlər bizi sevindirir. Birincisi, ona görə ki, yarışda iştirak edənlər arasında qadınlarla kişilərin sayı, demək olar ki, eynidir. İkincisi isə bölgələrimiz də burada aktiv şəkildə təmsil olunur".
 
O xatırladıb ki, dekabr ayında yarışmanın əsas mərhələsi - 180 nəfər qalib arasında superfinal oyunu keçiriləcək və 3 nəfər qalib pul mükafatları ilə mükafatlandırılacaq.
 
Yarışma ilə bağlı əlavə məlumatları oyunun rəsmi saytı (www.azerbaycanliyam.az ) və "Facebook"dakı səhifəsindən (https://apps.facebook.com/azerbaycanliyam/?fb_source=search&ref=ts&fref=ts ) əldə etmək mümkündür.
 
Məlumat üçün bildirək ki, yarışın şərtlərinə uyğun olaraq ongünlüklərin qaliblərinə netbuk tipli kompüter, ilk 100-lüyə daxil olan digər iştirakçılara isə həvəsləndirici mükafatlar – "Nar Mobile" və "Bakcell" şirkətləri tərəfindən təqdim edilmiş 10 manatlıq mobil telefon danışıq kartları təqdim edilib.
 
Noyabr ayı ərzində yarışma iştirakçıları arasında ən yaxşı nəticə göstərmiş 3 nəfər noyabr ayının qalibi seçilib. 1-ci yeri tutan Leyla Əsədova "iPhone" mobil telefonuna və mini "iPhad" planşetinə, 2-ci yeri tutan Əzizəli Ağayev "iPhone" mobil telefonuna, 3-cü yeri tutan İlahə Məmmədova isə mini "iPhad" planşetinə sahib olublar.
Daha sonra qaliblərin bir neçəsi çıxış edərək sözügedən yarışmaların tez-tez keçirilməsinin arzulanan olduğunu qeyd ediblər. Onlar bildiriblər ki, bu kimi bilik sınaqları insanların savadlılığını artırır, bilmədiklərini öyrədir, bildiklərini daha da möhkəmləndirir.
 
SEYMUR



Baxış sayı: 686

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 May 2020

25 05 2020