12px13px15px17px
Tarix:21/12/13

Yevlaxda “Aztelekom.net” İSP-nin alternativ internet xidmətləri mərkəzi yaradıldı


 
Azərbaycanın gələcək uğurlu, dayanıqlı inkişafı üçün informasiya-kommunikasiya texnologiyaları sahəsi həlledici rol oynayacaq. Məhz İKT-nin ölkədə ümumi sosial-iqtisadi inkişafa xidmət edən sahə kimi təşəkkül tapması və bu sahədə əldə edilmiş uğurları nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2013-cü il ölkədə "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilmiş və bununla bağlı müvafiq sərəncam imzalanıb.


İqtisadiyyatın daha da inkişaf etdirilməsi regionların inkişafının sürətləndirilməsini, regionlarda müasir  infrastrukturun yaradılmasını tələb edir. Müasir infrastrukturun əsasını isə informasiya-kommunikasiya  texnologiyaları təşkil  edir. Respublikamızda ən qabaqcıl texnologiyaların tətbiq edilməsi, əhaliyə yüksək keyfiyyətli xidmətlərin göstərilməsi, biznes fəaliyyətinin müasir tələblərə uyğun qurulması, cəmiyyətdə informasiya texnologiyalarından istifadəyə əlverişli şəraitin yaradılması istiqamətində məqsədyönlü işlər görülməkdədir. Müasir İKT-nin inkişafının əsas infrastruktur göstəricisi sayılan internetin inkişafı üçün də əhəmiyyətli tədbirlər həyata keçirilir. Son illərdə Azərbaycan MDB ölkələri arasında internet istifadəçilərinin sıxlığına görə liderdir.

Ölkədə, xüsusən də regionlarda sürətli internetdən istifadənin genişləndirilməsi və keyfiyyətin yüksəldilməsi məqsədilə "Aztelekom" İstehsalat Birliyinin rayon telekommunikasiya qovşaqlarının xidmət ərazilərində "Genişzolaqlı internetin  inkişafı" layihəsi işlənib hazırlanmış və icrasına başlanılmışdır. Əsas hədəf ucqar kəndlər də daxil olmaqla, yüksəksürətli genişzolaqlı internetə çıxışı təmin etmək və istifadəçilərin sayını inkişaf etmiş ölkələrin səviyyəsinə çatdırmaq, habelə elektron xidmətlərin, distant təhsil, elektron ticarət və digər fəaliyyət formalarının geniş tətbiqinə nail olmaqdır.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Aztelekom" İstehsalat Birliyi tərəfindən yeni nəsil informasiya-kommunikasiya  texnologiyalarının regionlarda aktiv tətbiqinə təkan vermək məqsədi ilə yaradılmış "Aztelekom.net" internet provayderinin əsas vəzifəsi müasir texnologiyalardan istifadə etməklə yüksək keyfiyyətli və sürətli internetə qoşulmanı təmin etməkdir. Şəbəkəsinin qurulmasında dünyanın İKT sahəsi üzrə ixtisaslaşmış aparıcı istehsalçılarının yüksək keyfiyyətli, sertifikatlaşdırılmış və tələb olunan bütün lisenziyalara malik avadanlıqlarından istifadə olunan "Aztelekom.net" internet provayderi hazırda Azərbaycanda bu sahədə fəaliyyət göstərən provayderlər arasında dəyişməz liderlərdən biridir.
 "Aztelekom" İstehsalat Birliyinin şəbəkəsində genişzolaqlı internet xidmətlərinin tətbiqinə əsasən 2005-ci ildə başlanmışdır. Keçən müddət ərzində inkişaf tempinin əsas zirvəsi 2012-2013-cü illərə düşür. Belə ki, 2012-ci ilin sonuna "Aztelekom.net" provayderinin internet istifadəçilərinin sayı 60 minə, xidmət ərazisində fəaliyyət göstərən özəl internet provayderlərin istifadəçilərinin ümumi sayı isə 57 minə çatdırıldı. 2013-cü ilin noyabr ayında isə "Aztelekom.net" internet provayderinin istifadəçilərinin sayı 100 mini, qlobal internet şəbəkəsinə (BGP – Border Gateway Protocol) bağlantı kanalının tutumu 20 Gb/saniyəni keçib.

"İnformasiya-kommunikasiya texnologiyaları ili" çərçivəsində genişzolaqlı internetin təbliği, tələbatın öyrənilməsi, mövcud və yarana biləcək problemlərin operativ şəkildə aradan qaldırılması və profilaktik tədbirlərin həyata keçirilməsi məqsədilə regionlarda mövcud və potensial istifadəçilərlə birbaşa görüşlərin keçirilməsinə start verilib. Keçirilən görüşlərin və inkişaf dinamikasının təhlilinə əsasən ilin sonuna gözlənilən nəticələr onu göstərirdi ki, müəyyən həddən sonra "Aztelekom.net"in şəbəkəsində İP ünvanların çatışmazlığı başlanacaqdır. Qarşıya çıxacaq problemlərin əvvəlcədən həlli məqsədi ilə "NAT (Network Address Translation – şəbəkə ünvanlarının çevrilməsi)" funksiyalarını özündə birləşdirən, xidmət ərazisi üzrə 128.000 genişzolaqlı internet istifadəçilərinin 2x10 Gb/san sürətlə qlobal internet şəbəkəsinə qoşulmasını təmin edə biləcək avadanlıqların tədarükü üçün hazırlıq işlərinə başlandı.


Hazırlıq prosesləri mütəmadi olaraq "Aztelekom" İstehsalat Birliyində aparılmış toplantılarda müzakirə edilmiş, istismarda olan "Aztelekom.net" platformasının alternativliyinin təmin edilməsi funksiyasını  özündə cəmləşdirən və regionlarda İKT-nin inkişafına təkan verəcək yeni mərkəzin Yevlax rayonunda qurulması qərara alınmışdı. Yevlax TKQ-nin inzibati binasında alternativ regional xidmət mərkəzinin fəaliyyəti üçün sahə yaradıldı. Müsabiqə əsasında Yevlax TKQ-dən 2 nəfər mütəxəssis seçilərək Türkiyəyə, xüsusi təlim kursuna göndərilərək, hazırlanmış ştat cədvəlinə müvafiq tələb olunan digər mütəxəssislərlə "Aztelekom" İB-nin inzibati binasında fəaliyyət göstərən "Aztelekom.net" platforması üzərində təcrübi məşğələlər keçirildi. Beləliklə, genişzolaqlı internet istifadəçilərinə yüksək keyfiyyətli, dayanıqlı internet xidmətləri göstərmək məqsədi ilə Prezident İlham Əliyev cənabları tərəfindən Azərbaycan Respublikasında 2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi çərçivəsində nəzərdə tutulan tədbirlərdən biri olaraq,  "Aztelekom.net" İSP-nin Yevlax TKQ-də alternativ provayder mərkəzi yaradıldı. Yeni internet mərkəzi günün tələblərinə müvafiq ən müasir texnologiyalar əsasında, bütün texniki tələblərə uyğun parametrlərə malik xidmət sahəsinin təminatı olmaqla yanaşı, regionda bu sferaya yeni mütəxəssislərin cəlb edilməsi və ümumilikdə "rəqəmsal uçurum"un aradan qaldırılması istiqamətində xüsusi əhəmiyyət kəsb edir.


İP-MPLS şəbəkəsi üzərindən 10 Gb/san sürətlə qlobal internet şəbəkəsinə qoşulmuş bu sistem, Yeni Azərbaycan Partiyasının yaradılmasının  21-ci ildönümü günündə, yəni 21 noyabr 2013-cü il tarixdə istismara verildi. İlkin olaraq "Aztelekom.net" provayderinin Yevlax, Bərdə, Ağdam və Tərtər Telekommunikasiya qovşaqlarının xidmət ərazilərində genişzolaqlı internet xidməti istifadəçiləri bu sistemə qoşuldu. Ümumilikdə, bu sistemə 17 TKQ-nin (Yevlax, Ağdam, Bərdə, Tərtər, Samux, Naftalan, Goranboy, Gəncə, Daşkəsən, Göygöl, Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa, Qazax, Ucar, Zərdab) qoşulması nəzərdə tutulur ki, bu da öz növbəsində digər TKQ-lərin genişzolaqlı internet istifadəçiləri üçün İP ünvanların boşaldılması və alternativliyin təmin edilməsi deməkdir.

Belə ki, "Aztelekom.net" provayderinin alternativi olaraq yaradılmış yeni sistemin fəaliyyəti nəticəsində həm qərb regionunda xidmət keyfiyyəti dəfələrlə artacaq, həm də digər bölgələrin genişzolaqlı internet istifadəçiləri üçün də pik saatlar da daxil olmaqla günün istənilən vaxtı yüksək keyfiyyətli xidmət təmin olunacaq. Eyni zamanda, əsas və alternativ provayder mərkəzləri fors-major hallarda bir-birinin funksiyalarını icra etməklə daha dayanıqlı xidməti də təmin etmiş olacaqlar.
 
Vidadi İsmayıl
 
 




Baxış sayı: 3090

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024