12px13px15px17px
Tarix:23/12/13

Ağsaqqal rabitəçi Tofiq Ələkbərzadənin 75 illik yubileyi qeyd olunub

Bu gün "Azərpoçt" MMC-də Respublika Rabitəçi Ağsaqqallar Şurasının sədr müavini, təqaüdçü rabitəçi Tofiq Ələkbərzadənin 75 illik yubileyi qeyd olunub. Tədbirdə "Azərpoçt" MMC-nin baş direktoru Qəmbər Bəybalayev yubilyar haqqında fikirlərini bölüşərək qeyd edib ki, T.Ələkbərzadə Azərbaycanın rabitə həyatında mühüm addımlar atan şəxslərdən biri olub.
 
Yubilyarın ölkənin rabitə sahəsində əməyin yüngülləşdirilməsi ilə bağlı xidmətlərindən danışan Q.Bəybalayevin sözlərinə görə, 75 yaşını qeyd edən T.Ələkbərzadənin yenilikləri, ixtiraları təkcə Azərbaycanda deyil, eyni zamanda keçmiş sovet respublikalarında da geniş yayılıb:
 
“Onun poçtalyonların işini asanlaşdırmaq məqsədi daşıyan ixtirası, yəni binaların bloklarına poçt yeşiklərinin qoyulması fikri poçt xidmətində operativliyi artırıb, vaxt itkisinin qarşısını alıb”.
 
Rabitə fəaliyyətindən başqa T.Ələkbərzadənin gənc kadrların yetişdirilməsində də böyük rolunun olduğunu qeyd edən Q.Bəybalayev bildirib ki, yubilyar ahıl yaşında da boş oturmayıb, rabitə sahəsində təhsil alanlara proqramlar hazırlayıb, dərslər deyib:
 
“Onun dərs dediyi tələbələrə bu gün respublikanın hər yerində rast gəlmək mümkündür. Tofiq müəllimin tələbələri rabitə sahəsini daha dərindən mənimsəyərək müxtəlif poçt şöbələrində fəaliyyət göstərirlər”.
 
T.Ələkbərzadənin bu günə qədər olan  fəaliyyətinin rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən qiymətləndirildiyini və nazir Əli Abbasovun bununla bağlı əmr imzaladığını qeyd edən baş direktor “Fəxri fərman”ı və pul mükafatını yubilyara təqdim edib.
 
Sonra çıxış edən təqaüdçü rabitəçilər T.Ələkbərzadənin fəaliyyətindən söz açaraq xoş arzularını bildiriblər.
 
T.Ələkbərzadə də ona göstərilən diqqətə görə  rabitə və informasiya texnologiyaları naziri Əli Abbasova təşəkkürünü bildirərək qeyd edib ki, Azərbaycan rabitəsinin inkişafı üçün bundan sonra da əlindən gələn köməkliyi göstərməyə hazırdır: “Deyirlər, vaxt boş keçir. Mən heç vaxt ömrümü boşuna vermək istəməmişəm. Hər an çalışmışam. Hətta işdən sonra da kollecdə dərs deyərək bu sahənin mütəxəssislərinin hazırlanmasında iştirak etmişəm. Qeyd etməliyəm ki, bu gün Azərbaycan rabitəsi özünün inkişaf dövrünü yaşayır. Sözün həqiqi mənasında, Əli Abbasov nazir təyin olunandan sonra rabitə sahəsində sıçrayışlı inkişafa nail olunub”.
 
Daha sonra 6 dekabr Azərbaycan rabitəçilərinin peşə günü münasibəti ilə “Rabitə ustası” və “Fəxri fərman” alan şəxslərə diplomları təqdim olunub.
 

Seymur Qasımbəyli



Baxış sayı: 992

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024