12px13px15px17px
Tarix:27/12/13

Mərkəzi Bank: “Elektron ödənişlərin həcmi 10% artaraq ÜDM-in 2 mislini ötüb”

Mərkəzi Bank (MB) 2014-cü il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanat yayıb. Bankın məlumatına görə, 2013-cü ildə MB öz siyasətini tarazlı inkişafın vacib şərtləri olan makroiqtisadi və maliyyə sabitliyinin təmin olunmasına yönəldib, ölkədə maliyyə vasitəçiliyi genişlənib və şaxələnib.
 
İqtisadi artım, inflyasiya və məşğulluğun qiymətləndirilməsi və proqnozlaşdırılmasına imkan verən ekonometrik təhlil və simulyasiya vasitələri inkişaf etdirilib. Elektron statistika və analitik hesabatlıq sisteminin (ESAHS) tam istifadəyə verilməsilə statistik hesabatların qəbulu, avtomatlaşdırılmış emalı, daxili və xarici istifadəçilərə elektron formatda yayımlanması təmin olunub.
 
Bank sisteminə etimadın artırılması üçün maliyyə xidmətləri istehlakçılarının maraqlarının müdafiəsi sistemi daha da gücləndirilib, elektron imzanın tətbiqi ilə əhali və sahibkarların şəxsi kreditlərilə bağlı məlumatlara çıxışı asanlaşdırılıb.
 
 
İpoteka kreditləşdirilməsi prosedurlarının, kredit öhdəlikləri üzrə ödənişlərin, bu sahədə klirinq və hesablaşmaların avtomatlaşdırılması məqsədilə “Elektron ipoteka sistemi” və “Elektron ödəniş və klirinq sistemi” yaradılıb. Ölkədə nağdsız və elektron hesablaşmaların həyata keçirilməsinə imkan verən müasir ödəniş infrastrukturunun inkişafı daha geniş miqyas alıb. Cari ilin ötən dövründə ödəniş sistemlərinin sabitliyi və təkmilləşdirilməsi təmin edilib, elektron ödənişlərin həcmi 10% artaraq ÜDM-in 2 mislini ötüb.
 
Büdcəyə ödənişlərin real vaxt rejimində elektron əsasda aparılması üçün Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin bazasında yaradılmış Hökumət Ödəniş Portalına inteqrasiya olunmuş dövlət qurumlarının sayı əhəmiyyətli artıb. Kommunal xidmət haqları ilə yanaşı, dövlət ödənişlərinin də 1200-ə yaxın ödəniş məntəqələrində həm nağd, həm də internet və bankomatlar vasitəsilə nağdsız həyata keçirilməsi imkanı yaradılıb. 2013-cü ilin ötən dövründə kart infrastrukturunun inkişafı sürətlənib, ödəniş kartlarının sayı 5.5 mln. ədədə çatıb. Ötən ilin eyni dövrü ilə müqayisədə ödəniş kartlarının sayında 9%, bankomatların sayında 8%, POS-terminallarla aparılan nağdsız əməliyyatların həcmində isə 1.8 dəfə artım olub.
 
Ölkədə nağdsız hesablaşmaların miqyasının genişləndirilməsi üçün cari ildə aidiyyəti dövlət qurumları ilə birgə təkliflər paketi hazırlanıb. Bu təkliflər nağdsız ödənişlər üçün stimulların artırılmasına yönəlib. Nağdsız ödənişlərin həcminin genişlənməsi bank sektorunun resurs bazasının və iqtisadiyyata kredit təklifinin artmasında, kredit resurslarının dəyərinin azalmasında və qeyri-neft sektorunda investisiya fəallığının güclənməsində strateji amillərdən biridir. Cari ildə həmçinin nağd pulun səmərəli idarə edilməsi üçün Mərkəzi Bank tam avtomatlaşdırılmış Nağd Pul Mərkəzinin (“Cash Center”) yaradılması layihəsinin icrasını davam etdirib. Növbəti ilə gəlincə, MB 2014-cü ildə pul və maliyyə sabitliyi siyasətini uzunmüddətli iqtisadi inkişaf hədəflərini və həmçinin növbəti ilin makroiqtisadi xüsusiyyətlərini nəzərə almaqla həyata keçirəcək. Bank-maliyyə infrastrukturunun, o cümlədən nağdsız hesablaşmalar sisteminin daha da inkişaf etməsi və dərinləşməsi üçün səylər artırılacaq.
 
Bankların institusional inkişafını sürətləndirmək üçün risklərin idarə edilməsi sistemlərinə, menecmentin kompetensiyalarına, texnoloji və kadr potensialına tələblərin yüksəldilməsi davam etdiriləcək. Əhalinin maliyyə savadlılığının artırılması tədbirləri davam etdiriləcək, o cümlədən maliyyə məsələləri ilə bağlı geniş izahedici və məlumatlandırıcı ictimai kampaniyalar təşkil olunacaq, intellektual və elektron resurslar inkişaf etdiriləcək. Maliyyə savadlılığı üzrə xüsusi kütləvi internet resursunun hazırlanmasına başlanacaq. Əvvəlki illərdə olduğu kimi, 2014-cü ildə də nağdsız ödənişlərin genişləndirilməsi üzrə fəaliyyət mühüm prioritetlərdən biri olacaq. Bu fəaliyyət çərçivəsində nəzərdə tutulan tədbirlər nağd pulun pul kütləsində xüsusi çəkisinin qabaqcıl ölkələrin səviyyəsinə endirilməsinə yönəlib. Bu çərçivədə xüsusi stimullaşdırıcı tədbirlərin həyata keçirilməsinə diqqət artırılacaq. “E-hökumət” layihəsi çərçivəsində yaradılmış Hökumət Ödəniş Portalına dövlət qurumlarının inteqrasiyası istiqamətində işlər davam etdiriləcək.
 
Regionlarda elektron bank xidmətlərinə çıxış imkanlarının daha da artırılması təşviq olunacaq. İnnovativ ödəniş alətlərindən istifadənin kütləvi hal alması, nağdsız və elektron hesablaşmaların həcminin artması üçün stimullaşdırma tədbirləri davam etdiriləcək. Elektron ödəniş xidmətləri sahəsində qanunvericilik bazasının formalaşdırılması işlərinə başlanacaq.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 804

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024