12px13px15px17px
Tarix:29/12/13

Milli Arxiv İdarəsinin “Elektron xidmət” portalı yaradılıb

Azərbaycan Milli Arxiv İdarəsinin “Elektron xidmət” portalı istifadəyə verilib. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, portal vasitəsilə istifadəçilərə “Arxiv arayışı, arxiv çıxarışı, arxiv sənədlərinin surətinin verilməsi üçün e-sorğu” və “Elmi tədqiqat və digər məqsədlərlə arxiv sənədlərindən istifadə edilməsi üçün e-müraciət” xidmətlərindən yararlanmaq imkanı təqdim olunub.

Azərbaycan Respublikasının vətəndaşları və xarici ölkə vətəndaşları Milli Arxiv İdarəsinin internet səhifəsində yaradılmış “Elektron xidmətlər” bölməsinə daxil olaraq qeydiyyatdan keçməklə sosial-hüquq xarakterli, mövzu və geneoloji e-sorğu göndərə bilərlər.

Sözügedən e-xidmətin sosial-hüquq xarakterli sorğu bölməsi vasitəsilə “Əməkhaqqı və iş stajının təsdiq edilməsi”, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı” (doğum və ölüm), “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı” (nikah və boşanma), “Təltif edilmənin təsdiq olunması” və “Mülkiyyət hüququnun təsdiq edilməsi” haqqında sorğular göndərilir.

Mövzu bölməsində hüquqi və fiziki şəxslər müəyyən problem, mövzu, hadisə və ya fakt üzrə məlumatların verilməsi barədə sorğu verə bilərlər
Geneoloji bölmə vasitəsilə göndərilən sorğu - qohumluğu, iki və daha çox şəxsin qohumluq əlaqələrini, ailənin, nəslin tarixini təyin edən sənədli informasiyaya dair tələbatı əks etdirən sorğudur.

Milli Arxiv İdarəsinin “Elmi tədqiqat və digər məqsədlərlə arxiv sənədlərindən istifadə edilməsi üçün e-müraciət” xidməti vasitəsilə isə elmi tədqiqat və digər məqsədlərlə arxiv sənədlərindən istifadə edilməsi üçün e-müraciət göndərmək mümkündür.

Qeyd edək ki, “Elektron xidmət” portalında informatik xarakterli xidmətlər də yerləşdirilib. Belə ki, istifadəçilər burada MAİ-nin məsul şəxslərinin əlaqə telefonları və elektron poçt ünvanını əldə edə, eyni zamanda qanunvericilikdən edilmiş çıxarışlarla tanış ola bilərlər.

Xatırladaq ki, artıq “Arxiv arayışı, arxiv çıxarışı, arxiv sənədlərinin surətinin verilməsi üçün e-sorğu” və “Elmi tədqiqat və digər məqsədlərlə arxiv sənədlərindən istifadə edilməsi üçün e-müraciət” xidmətləri “Elektron hökumət” portalına inteqrasiya edilib.

CAHANGİR



Baxış sayı: 1002

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024