12px13px15px17px
Tarix:07/01/14

Azərbaycanın “Gənclər paytaxtı” internet səsverməsi ilə seçiləcək

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən “Gənclər paytaxtı 2014”-ün seçimlərinə artıq start verilir. “www.genclerpaytaxti.az” saytında səsvermə ilə müəyyənləşəcək paytaxtın seçimi üçün bir sıra şərtlər var.
 
Belə ki, “Gənclər paytaxtı 2014” müsabiqəsində namizəd olmaq istəyən şəhərin (rayonun) gənclər və idman idarəsi tərəfindən müsabiqənin Təşkilat Komitəsinə müvafiq sənədlər göndərilməlidir. Sənədlərə namizədliyin irəli sürülməsi ilə bağlı ərizə/anket, müvafiq şəhərin (rayonun) mərkəzi icra hakimiyyəti orqanı tərəfindən verilmiş dəstək məktubu; "Gənclər paytaxtı" konseptini əks etdirən videoçarx (DVD formatı, 5-10 dəqiqə, ilk kadrda şəhər/rayonun adı) və ya təqdimat (PPT/PPTX formatı, 10-20 slayd, ilk slayda şəhər/rayonun adı); motivasiya məktubu ("Gənclər paytaxtı" iddiasına dair yazılı əsaslandırma, A4 formatı, 1 vərəq) daxildir. Səsvermə siyahısı veb-saytda dərc edildikdən sonra namizəd şəhər (rayon) tərəfindən "Gənclər paytaxtı" konseptini əks etdirən təqdimat (PPT/PPTX formatı, 10-20 slayd, ilk slayda şəhər/rayonun adı) və ya çarx (DVD formatı, 5-10 dəqiqə, ilk kadrda şəhər/rayonun adı) Təşkilat Komitəsinə (elektron poçt ünvanına - mys@mys.gov.az ) təqdim edilməlidir.
 
Müsabiqə internet səsverməsi vasitəsilə həyata keçirilir. Səsvermə “www.genclerpaytaxti.az” saytında təşkil edilir. Səsvermədə yaşadığı yerindən, vətəndaşlığından, yaşından, milliyyətindən asılı olmayaraq hər kəs Azərbaycanın Gənclər paytaxtının seçilməsində bərabər hüquqla iştirak edə bilər. Açıq, şəffaf, bərabər olmaqla 3 prinsip əsasında aparılan səsvermə zamanı verilən hər səs dərhal nəzərə alınır və şəhərin reytinqini bir xal artırır. Səsvermə başa çatdıqdan sonra ən çox səs toplamış şəhər (rayon) qalib seçilir.
 
 
Qeyd edək ki, Azərbaycanın “Gənclər paytaxtı”nın seçilməsi “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.5.5. yarımbəndinə müvafiq olaraq, müsabiqə yolu ilə həyata keçirilir. Layihənin əsas məqsədi yerlərdə gənclərlə işin daha da canlandırılması, onların regionlarının ictimai, siyasi, mədəni həyatlarında rolunu və iştirakını inkişaf etdirməkdən ibarətdir.
 
 Keçirildiyi müddət ərzində Gəncə şəhəri “Gənclər paytaxtı 2012”, Biləsuvar rayonu isə “Gənclər paytaxtı 2013” adına layiq görülüb. "Gənclər paytaxtı" 1 il müddətinə seçilir və müddət ərzində həmin şəhər (rayon) gənclərin ictimai, siyasi, sosial, iqtisadi və mədəni həyatda fəal iştirakını təmin edir, onların intellektual və yaradıcılıq potensialının artırılması yeni ideya və layihələrinin həyata keçirilməsinə dəstək verir.
 
Paytaxt Bakı şəhəri və artıq “Gənclər paytaxtı” seçilmiş şəhər/rayonlar istisna olmaqla Azərbaycan Respublikasının istənilən şəhər və rayonları "Gənclər paytaxtı"na namizəd ola bilər. Namizədliyin irəli sürülməsi ilə bağlı sənədlərin təqdim olunması 19 yanvarda tamamlanacaq. Səsvermə siyahısının formalaşdırılması 21-23 yanvar; səsvermənin keçirilməsi üçün isə vaxt  23 yanvar - 1 fevral təyin edilib. 1 fevral tarixində saat 23:59-dan sonra verilmiş səslər qeydə alınmır.
 
Həqiqət İSABALAYEVA
 



Baxış sayı: 921

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024