12px13px15px17px
Tarix:08/01/14

“QUTechnopark” İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu ilə əməkdaşlığını genişləndirmək niyyətindədir

Qafqaz Universiteti Texnoparkı (QUTechnopark)  Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu (İTİDF) ilə əməkdaşlığı genişləndirmək və inkişaf etdirmək niyyətindədir. “QUTechnopark” artıq bu məqsədlə RİTN-nə rəsmi məktubla müraciət edib.
 
Bu barədə “Rabitə dünyası”na məlumat verən “QUTechnopark”ın müdiri, dosent İsa Qasımovun sözlərinə görə,  eyni zamanda sözügedən mövzu ətrafında Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç ilə İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru Elçin Zeynalov arasında görüş də keçirilib. Görüşdə Qafqaz Universiteti Texnoparkı  İdarə Heyətinin sədri, dosent Şahin Durmaz, “QUTechnopark”ın müdiri İsa Qasımov, həmçinin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun səlahiyyətli nümayəndələri də iştirak ediblər. İKT-nin inkişafı və tətbiqinin sürətləndirilməsi istiqaməti üzrə müzakirələr aparan tərəflər bu sahədə əməkdaşlığın gücləndirilməsinin zəruriliyini vurğulayıblar.
 
 “QUTechnopark”ın həyata keçirdiyi Yeni Fikir Müsabiqəsi (YFM) əsasında layihələrin inkişafında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun nizamnaməsinə uyğun dəstəklərin ayrılması da müzakirə istiqamətlərindən olub. İ.Qasımovun sözlərinə görə, yüksək texnologiyaların istehsalı və tətbiqi, “startup”ların inkişaf etdirilməsi üzrə “QUTechnopark”  ilə İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu arasında əməkdaşlığın gələcəkdə daha da inkişaf etdirilməsi nəzərdə tutulur.
 
 
Qeyd edək ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu (İTİDF) Azərbaycan Respublikası Prezidentinin 15 mart 2012-ci il tarixli sərəncamı ilə yaradılıb. Fondun məqsədi informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində dövlət siyasətinin həyata keçirilməsinə yardım etmək; sahibkarlıq fəaliyyətini dəstəkləmək; innovasiya və elmi-tədqiqat layihələrini stimullaşdırmaq; müasir infrastrukturun inkişafına təkan vermək; kiçik və orta sahibkarlıq subyektlərinə maliyyə dəstəyi göstərmək; bu sahəyə yerli və xarici investisiyaları cəlb etməkdən ibarətdir.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 978

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024