12px13px15px17px
Tarix:10/01/14

Qafqaz Universiteti Yeni Fikir Müsabiqəsi elan edib

Qafqaz Universiteti “QUTechnopark”ın təşkil etdiyi sahibkarlığa dəstək layihəsi çərçivəsində Yeni Fikir Müsabiqəsi (YFM) elan edib.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, bu layihəni keçirməklə “QUTechnopark” ölkədə sahibkarlığın inkişafına dəstək verir. Bununla belə, gənclər arasında təşəbbüskarlığı (sahibkarlığı) təşviq edir ki, bu da öz növbəsində elmi tədqiqatlarda, eləcə də kadr hazırlığı işində keyfiyyətin yüksəlməsinə səbəb olur. YFM təşəbbüskar gənclərlə iş dünyası arasında real körpü rolunu oynayır.
 
YFM ildə bir dəfə keçirilir. Müsabiqədə təkcə Qafqaz Universiteti mənsubları deyil, Azərbaycanda yaşayan bütün gənclər iştirak edə bilərlər.
 
Müxtəlif sahələrdə təhsilin inkişafında innovativ yanaşmaları ilə fərqlənən Qafqaz Universiteti texnopark fəaliyyətində də Azərbaycanda yeniliyə imza atıb. Beynəlxalq təcrübəyə əsaslanaraq “QUTechnopark” formalaşdırıldı. YFM “QUTechnopark”ın həyata keçirdiyi müxtəlif layihələrdən biridir.
 
Layihənin missiyası “QUTechnopark”da yüksək texnologiyaların inkişafı üçün önəmli olan ekosistemin formalaşdırılmasına zəmin hazırlamaq, İKT-nin inkişafına dəstək vermək, təşəbbüskar gənclərə öz şirkətlərini qurmaqda dəstək vermək, təşəbbüskar yanaşmanı inkişaf etdirməkdir. Bu müsabiqənin məqsədi texnologiya sahəsində innovativ fikirlərin ortaya çıxarılmasına töhfə verməkdir. Bu sahələr isə başlanğıc (start up) ideyası, mobil proqramlar, internet, proqram təminatı, oyunlar, xidməti proqramlar (software as a service), korporativ proqram təminatı, yeni biznes modeli, xidmətlər, robot texnikası, informasiya texnologiyaları və istehlakçı elektronikası, səhiyyə (sağlamlıq) üçün informasiya texnologiyaları və s. Nəticədə ölkənin və regionun inkişafında rol oynaya biləcək, beynəlxalq rəqabətə dayanıqlı şirkətlərin formalaşdırılması, təşəbbüskar düşüncənin inkişaf etdirilməsi, məhsulunu pula çevirə biləcək iş fikirlərinin şirkətləşməsini təmin etmək əsas hədəfdir. Layihə çərçivəsində bütün fikir və ideyalar müəllifin mülkiyyəti kimi qorunur.
 
Müsabiqənin təşkilatçıları “QUTechnopark”, İKTETM (İnformasiya Kommunikasiya Texnologiyaları Elmi Tədqiqat Mərkəzi), Qafqaz Universiteti, Sahibkarlığın İnkişafı və Tədqiqatları Mərkəzi, “İEEE” Azərbaycan şöbəsi, tərəfdaşları isə “SOCAR”, “TUSİAB”, “İpək Yolu” Sahibkarlığa Dəstək İctimai Birliyi, “EcoLife” təşkilatlarıdır.

Aynur Vəliyeva
 



Baxış sayı: 626

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024