12px13px15px17px
Tarix:16/01/14

BDU alimlərinin ABŞ-da nanotexnologiya ilə bağlı kitabı çap edilib


Son zamanlar Bakı Dövlət Universitetində dünya elminin prioritet istiqamətlərindən biri sayılan nanotexnologiya sahəsində uğurlu elmi tədqiqat işləri aparılır. Bu fundamental elmi tədqiqat işlərinin nəticələri dünyanın bir sıra nüfuzlu  jurnallarında, “Tomson Reyter” agentliyinin siyahısına daxil olunan yüksək “İmpact Factorlu” jurnallarında  dərc edilir.
 
Bu işlər inkişaf etmiş ölkələrin nanotexnologiya istiqamətində işləyən elmi tədqiqat institutları ilə beynəlxalq qrant layihələri çərçivəsində yerinə yetirilir.
 
Təsadüfi deyildir ki, BDU-nun alimlərinin akademik  Abel Məhərrəmovun, professor Məhəmmədəli Ramazanovun və BDU-nun keçmiş doktorantı, kimya üzrə fəlsəfə doktoru Məhəmməd Rza Saboktakinin həmmüəllif olduğu "Perspektiv Nanokompozitlər: Növləri, xassələri və tətbiqləri" adlı monoqrafiyası ABŞ-ın Nyu-York şəhərindəki "Nova Publişer" nəşriyyatında çapdan çıxıb. 

 
Bu barədə BDU-nun mətbuat xidmətindən “ICTnews.az”a verilən məlumata görə, sözügedən kitabın redaktoru Türkiyənin Hacettepe Universitetinin kimya fakültəsinin Polimerlərin tədqiqi və radiasiyası laboratoriyasının müdiri, professor Olgun Guvendir. Kitab 10 fəsildən ibarətdir. Monoqrafiyada  polimer əsaslı nanokompozitlərin xassələrinin variasiyası və tətbiqləri, kompozitlərin növləri, xassələrin nanohissəciklərin ölçülərindən asılı olaraq dəyişməsi, xərçəng şişinin müalicəsində maqnit nanohissəciklərinin istifadə imkanları və konkret tətbiqləri, bioloji və tibbi nanohissəciklər, fotodinamik müalicə üçün nanohissəciklərin alınması və istifadəsi kimi mühüm elmi araşdırmalar verilib.
 
Monoqrafiya nanotexnologiya istiqamətində çalışan tədqiqatçılar üçün böyük əhəmiyyətə malikdir.
 
 
SEYMUR



Baxış sayı: 1046

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024