12px13px15px17px
Tarix:08/02/14

Azərbaycan 30 ay müddətinə II peykini orbitə çıxaracaq

“Ötən il “Azerspace-1” üç ay gec fəaliyyətə başladı. Bu da orbitə çıxarılma prosesinin yubanması ilə əlaqədar olub. Qalan altı ay ərzində təxminən 10 mln. ABŞ dolları gəlir əldə edib. Bunun da 95%-i ixrac edilən resursların payına düşür”.
 
Bu fikirləri rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərə verdiyi açıqlamasında bildirib.  Nazir qeyd edib ki, peyklə bağlı ABŞ “Eximbank”ına 17 mln. dollar borc olub: “Azərbaycan Maliyyə Nazirliyinin 7 mln. dollar köməyi ilə və 10 mln. dollar peykdən gələn gəlir hesabına ötən ilin borcları ödənilib. Hesab edirik ki, artıq bu ildən başlayaraq “Azerispace” götürülən kreditləri özü ödəyə biləcək. Gələn ildən sonra isə artıq xalis gəlir əldə olunacaq”.
 
 
Azərbaycanın ikinci süni telekommunikasiya peykinin orbitə çıxarılması üçün artıq qapalı tenderin elan edildiyini xatırladan Ə.Abbasov vurğulayıb ki, tenderin qapalı olmasına baxmayaraq dünyanın 10 aparıcı şirkətinə təkliflər göndərilib: “Hesab edirik ki, tender bir neçə ay ərzində bitəcək. 2 aydan sonra biz tenderdə qalib gələn şirkətlə müqavilənin imzalanması prosesinə başlayacağıq. Təxminən avqust ayından şirkət öz hazırlıqlarına start verəcək və 30 ay müddətinə isə peykimiz orbitə çıxarılacaq”.
 
 
Daha sonra ölkə ərazisində televiziya və radio proqramlarının rəqəmli yayımı ilə bağlı aztəminatlı ailələrin dekoderlərlə təmin edilməsi məsələsinə toxunan nazir qeyd edib ki, bu istiqamətdə nazirliyin mütəxəssisləri tərəfindən müşahidələr aparılıb:
 
 “Müşahidələr göstərir ki, əhali rəqəmli teleyayıma qoşulmağa çox maraqlıdır. Ona görə də insanlar qiyməti təxminən 25-40 manat arasında olan dekoderləri özü alır. Bu proses çox sürətlə gedir. Çünki 11 telekanal sosial proqram kimi ödənişsiz yayılır. Bir neçə şirkət isə kommersiya fəaliyyəti ilə əlaqədar olaraq artıq 100-ə yaxın yeni telekanallar yayıma çıxarıb. Ona görə  biz bir qədər də gözləyəcəyik. Müəyyən vaxtdan sonra bir daha analiz aparılacaq. Qeyd edim ki, aztəminatlı ailələrə, yəni ünvanlı sosial yardım alanlara dekoderlərin verilməsi üçün təkliflər hazırlanıb. Ola bilər ki, yaxın vaxtlarda bununla bağlı qərar qəbul olunsun. Hələlik analoq yayım dayandırılmayıb. Bu, əsasən onunla əlaqədardır ki, ucqar yerlərdə dekoderi olmayan vətəndaşlarımız da hələlik televiziya verilişlərinə baxa bilsin”.
 
Seymur Qasımbəyli
 



Baxış sayı: 1251

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024