12px13px15px17px
Tarix:17/02/14

“Elektron bankçılıq xidmətlərində lider bank” seçiləcək

“Elektron bankçılıq xidmətlərində lider bank” və “Nağdsız ödənişlər üzrə lider bank” nominasiyaları üzrə kampaniya başlayır. Mərkəzi Bankın (MB) dəstəyi ilə ölkədə nağdsız ödənişlərin inkişaf etdirilməsi məqsədilə təşkil olunan stimullaşdırıcı kampaniyanın geniş təqdimat mərasimi keçirilib.
 
Mərasimdə MB sədrinin birinci müavini Alim Quliyev müasir cəmiyyətdə nağdsız ödəniş sisteminin inkişafını yüksək mədəniyyət göstəricisi, şəffaflığın təmin olunması və iqtisadi fəallığın dəstəklənməsinin mühüm elementlərindən biri kimi qeyd edib. Onun sözlərinə görə, ölkə başçısı sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində nağdsız dövriyyənin genişləndirilməsini dövlət strukturları qarşısında başlıca vəzifələrdən biri kimi müəyyənləşdirib: “MB da öz mandatına uyğun olaraq ölkədə nağdsız ödənişlərin artırılmasını özünün prioritet vəzifələrindən biri hesab edir və nağdsız ödəniş infrastrukturunun yaradılması, inkişafı və istifadəsinin kütləviləşdirilməsi istiqamətində davamlı olaraq müxtəlif layihələr həyata keçirir”.
 
Nağdsız ödənişlərin artırılmasının əhəmiyyətini qeyd edən A.Quliyev bildirib ki, artım nəticəsində bank sisteminin resurs bazası genişlənir, faiz dərəcələri azalır, iqtisadiyyatın kapitalizasiya imkanları çoxalır və nəticədə iqtisadi artım sürətlənir:
 
“Nağdsızlaşma makroiqtisadi idarəetməni asanlaşdırmaqla iqtisadiyyata təsir vasitələrini artırır. Nağdsız ödənişlərin üstünlük təşkil etdiyi şəraitdə iqtisadiyyatda maliyyə intizamı güclənir, şəffaflıq artır. 2014-cü ildə də qarşıda duran əsas vəzifə yaradılmış potensialdan və infrastruktur imkanlarından daha səmərəli istifadə olunması, habelə beynəlxalq təcrübədən yararlanmaqla nağdsız ödənişlərin çeşidinin, effektivliyinin və tətbiqi dairəsinin genişləndirilməsinə nail olmaqdır”.
 
Eyni zamanda cəmiyyətdə yüksək ödəniş mədəniyyətinin, elektron ödəniş xidmətləri və nağdsız ödəniş alətlərindən istifadə vərdişlərinin inkişafı üçün geniş təbliğat və təşviqat kampaniyası bankların daima diqqət mərkəzində olmalıdır. Bu məqsədlə MB tərəfindən 2014-cü ildə də nağdsız ödənişlərin inkişafı üzrə əlavə iki yeni nominasiya təsis edilib. Bunlar elektron ticarətin stimullaşdırılması üçün “Elektron ticarətin inkişafında lider bank” və müştəriləri tərəfindən POS-terminal şəbəkəsində daha çox nağdsız əməliyyat aparmış banklar üçün “Təsərrüfat subyektlərində nağdsız ödənişlər üzrə lider bank” nominasiyalarıdır.
 
Eyni zamanda jurnalistlər arasında “Nağdsız ödənişlərin sürətli inkişaf meyilləri: reallıq və perspektivlər” mövzusunda məqalə üzrə müsabiqə keçiriləcək. Hər üç yeni nominasiya üzrə şərtlər MB-nın internet səhifəsində yerləşdiriləcək və bu istiqamətdə həyata keçiriləcək tədbirlər nağdsız cəmiyyətin formalaşmasına mühüm töhfə verəcək.
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 851

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024