12px13px15px17px
Tarix:20/02/14

Səsdən sürətli “S-512” təyyarəsinin salonunda illüminatorlar monitorlarla əvəzlənəcək

Səsdən sürətli təyyarələrin hazırlanmasında ixtisaslaşan “Spike Aerospace” şirkəti təyyarə salonunda ənənəvi illüminatorlardan imtina edərək onları salonun divarları üzrə yüksəkkeyfiyyətli nazik displeylərlə əvəz etməyi planlaşdırır. Təyyarənin xarici hissəsində göyərtədən kənarda baş verənləri çəkəcək kameralar quraşdırılacaq.

Şirkət nümayəndələri bildiriblər ki, təyyarənin füzelyajında ənənəvi illüminatorları ləğv etməklə təyyarənin xarici görünüşünü köklü şəkildə dəyişmək və onun aerodinamikasını yaxşılaşdırmaq mümkün olacaq. Səsdən sürətli ilk “S-512” təyyarə modelinin 2018-ci ildə ilk uçuşu həyata keçirəcəyi gözlənilir.

Şirkətin məlumatında deyilir ki, illüminatorlar əlavə struktur dəstəyi tələb edir və onlar təyyarəni ağırlaşdırır, lakin bütün bu problemlərin qarşısını miniatür kameralar vasitəsilə almaq mümkün olacaq. Şirkət təyyarənin xarici perimetrini kameralarla əhatə etməyi, daxili hissədə isə kameralardan təsviri ötürəcək ekranlar yerləşdirməyi nəzərdə tutur. Sərnişinlər monitorları işə sala və söndürə, işıqlığını dəyişə və müxtəlif kameralara keçə biləcəklər.

Eyni zamanda şirkət bəyan edib ki, belə yanaşma nəticəsində sərnişinlər uçuşdan qeyri-adi həzz alacaqlar. “Salonda simulyasiya edilmiş təbii atmosfer olacaq”, - “Spike Aerospace”  nümayəndələri vurğulayıb.  

Həmçinin qeyd olunur ki, şirkət pilotların kabinəsi, eləcə də uçuş zamanı kameraların sıradan çıxması ilə bağlı yekdil fikrə hələ ki gələ bilməyib.

Açıqlanan layihəyə əsasən, dəyəri 80 milyon dollar təşkil edəcək “S-512” təyyarəsi 18 sərnişin üçün nəzərdə tutulacaq. Təyyarə Atlantik okeanın üzərindən uçmaqla Londondan Nyu-Yorka olan məsafəni 3 saata qət edə biləcək. Məlumat üçün bildirək ki, hazırda təyyarələr bu məsafəni yeddi saata qət edir.

“S-512”-nin kreyser sürəti 1,6 səs sürəti, maksimal sürəti 1,8 səs sürəti təşkil edəcək. Müqayisə üçün bildirək ki, "Boeing 777-300” təyyarəsinin kreyser sürəti 0,8 səs sürətinə bərabərdir, - "Cybersecurity www.sybersecurity.ru” yazır.  



Baxış sayı: 680

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024