12px13px15px17px
Tarix:27/02/14

Xəzər Dəhlizi Konfransında regionun informasiya texnologiyaları sahəsində inkişaf potensialı müzakirə ediləcək

Martın 7-də Böyük Britaniyada Xəzər Dəhlizi Konfransı keçiriləcək. Londonda baş tutacaq tədbirdə regionun iqtisadi inkişaf perspektivləri və tendensiyaları müzakirə ediləcək.
 
 “ICTnews” elektron xəbər xidməti bildirir ki, bu mötəbər beynəlxalq konfrans Xəzəryanı ölkələrin hökumət nümayəndələrini, biznes dairələrini, elmi dairələr və KİV nümayəndələrini birləşdirir. Tədbirin təşkilatçıları London Fond Birjası (London Stock Exchange), Azərbaycan Beynəlxalq Bankı, Britaniya-Azərbaycan İşgüzar Şurası və Böyük Britaniyanın “Asia House” təşkilatıdır. İkinci Xəzər Dəhlizi Konfransı çərçivəsində regionun artım amilləri, Böyük Britaniya ilə əlaqələr, regionda iqtisadi məsələlərin inkişaf həlləri təqdim ediləcək, həmçinin regionun biznes iqlimi, energetika və maliyyə-bank sektoru, informasiya texnologiyaları, inşaat və digər sahələrdə inkişaf potensialı, problem və imkanların müzakirəsi planlaşdırılır. Azərbaycan və region ölkələri üçün son dərəcə əhəmiyyətli olan “TAP” və “TANAP” layihələrinə dair müzakirələrin aparılması da konfransın proqramına daxil edilib.
 
 
Konfransda Azərbaycan Respublikasının Energetika naziri Natiq Əliyev çıxış edəcək. Eyni zamanda, London Fond Birjasının (London Stock Exchange) Baş icraçı direktoru və İdarə Heyətinin sədrinin, Böyük Britaniya Parlamentinin üzvü baroness Elizabet Saymonsun, Britaniya Banklar Assosiasiyasının Baş icraçı direktoru Entoni Braunun, Qazaxıstan Prezident Aparatının rəhbəri Kərim Masimovun, Avropa Birliyinin Energetika üzrə komissarı Günter Ottinqerin, “Statoil” şirkətinin İdarə Heyətinin üzvü Ledi Cadcın, Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunun Baş direktoru Con Çipmanın, BP şirkətinin vitse-prezidenti Peter Matherin, bir sıra Xəzər regionu ölkələrinin səfirlərinin, dünyanın bir sıra nüfuzlu şirkətləri, o cümlədən “Lukoil”, “Rosneft” şirkətləri, ABŞ-ın Harvard Universitetinin rəsmi şəxslərinin iştirakı ilə keçiriləcək toplantıda məruzələr və yüksəksəviyyəli müzakirələrin aparılması nəzərdə tutulub.
 
SEYMUR
 
 



Baxış sayı: 925

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024