12px13px15px17px
Tarix:28/02/14

Azərbaycanda Biofizika və Smart Materiallar Mərkəzi yaradılır

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunun nəzdində Biofizika və Smart Materiallar Mərkəzinin yaradılması haqqında Rəyasət Heyəti qərar qəbul edib. İnstitutdan bildirilib ki, belə bir mərkəzin Azərbaycanda yaradılması haqqında təklifi ötən ilin noyabr ayında Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən və Fizika İnstitutunda qonaq olan "Nobel" mükafatı laureatı Corc Smut verib. O, forum keçirilən müddətdə AMEA Fizika İnstitutunun fəaliyyəti, nailiyyətləri və potensialı ilə yaxından tanış olub. 
 
Forumun işinin yekunlaşmasından bir müddət sonra AMEA prezidenti, akademik Akif Əlizadəyə müraciət edərək Azərbaycanda biofizika və  kondensə olunmuş hal fizikasının daha da inkişaf etdirilməsinə dair 5 illik layihənin icra edilməsini təklif edib. Corc Smutun müraciəti və arqumentləri təhlil edilib və ümumilikdə qəbul olunub.
 
 
Biofizika və Smart Materiallar Mərkəzinin əsas fəaliyyət istiqamətini qocalma problemlərinin molekulyar səviyyədə tədqiq olması ilə əlaqədar  insan ömrünün uzadılması üçün süni orqan və toxumaların yaradılması və regenerativ tibbi preparatların əldə edilməsi təşkil edəcək.  Mərkəzin 2 mərhələli fəaliyyət planına əsasən yaradılması planlaşdırılır. Birinci mərhələdə işçi qrupun yaradılması və keçmiş Fotoelektronika İnstitutunun korpusunda zəruri təmir və yenidənqurma işlərinin aparılması nəzərdə tutulur.
 
İşçi qrupun funksiyasına layihənin icrasının planlaşdırılması və gerçəkləşdirilməsinin təşkili, o cümlədən, zəruri texnoloji iş şəraitinin yaradılması, avadanlıqların alınması, elmi kadrların hazırlanması daxildir. İşçi qrupun Fizika İnstitutunun Kriogen korpusunda yerləşdirilməsi nəzərdə tutulur. Korpusda 3 ay müddətində zəruri işçi şəraitin təmin edilməsi mümkündür. Birinci mərhələnin müddəti 2 ili əhatə edəcək.
 
 İkinci mərhələdə keçmiş Fotoelektronika İnstitutunun korpusunda zəruri təmir və yenidənqurma işlərinin yekunlaşdırılması, alınmış avadanlıqların quraşdırılması və istifadəyə verilməsi, mərkəzin yeni infrastruktur çərçivəsində tammiqyaslı fəaliyyətinin təmin edilməsi nəzərdə tutulur. İkinci mərhələnin müddətinin isə 3 il olması planlaşdırılır.
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 988

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024