12px13px15px17px
Tarix:05/03/14

Sumqayıt Texnologiyalar Parkında “Sənaye məhsullarının standartlaşdırılması üzrə” Texniki Komitənin təqdimat mərasimi keçirilib

Sumqayıt Texnologiyalar Parkında (STP) “Sənaye məhsullarının standartlaşdırılması üzrə” Texniki Komitənin təqdimat mərasimi keçirilib.
 
Mərasimdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) sədri Ramiz Həsənov son on ildə Azərbaycan iqtisadiyyatının bütün sahələrində olduğu kimi, sənayenin inkişafında da böyük uğurlar qazanıldığını, prezident İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsi olaraq sənaye məhsullarının istehsal həcminin 3 dəfəyə qədər artdığını bildirib.
 
 
Onun sözlərinə görə, ölkə sənayesi yeni inkişaf mərhələsinə qədəm qoymuş, müasir dövrdə yeni ideyalar, təşəbbüslər nəzərə alınmaqla sənayenin modernləşdirilməsi tədbirləri həyata keçirilmiş, sənaye parkları yaradılmış, regionlarda sənaye potensialının təşviqi, sənayenin innovasiyalar əsasında inkişafını təmin edəcək imkanlar formalaşdırılıb.  
 
 
Ölkə iqtisadiyyatının gücləndirilməsi və yerli sənayenin rəqabət imkanlarının artırılmasının əsas alətlərindən biri olan standartlaşdırma sahəsinin inkişafından da danışan komitə sədri standartlaşdırma üzrə yeni texniki komitələrin yaradılması, onların beynəlxalq təcrübəyə uyğunlaşdırılması və bu texniki komitələr çərçivəsində beynəlxalq standartlarla harmonizə edilmiş yeni milli standartların hazırlanmasının qarşıda duran başlıca vəzifələrdən olduğunu xüsusi vurğulayıb: 
 
“2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə bağlı görüləcək tədbirlər çərçivəsində sənayenin infrastruktur təminatının yaxşılaşdırılması, ölkəmizin güclü sənaye mərkəzinə çevrilməsi istiqamətində mövcud potensialdan daha səmərəli istifadə etmək məqsədilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin müvafiq əmri ilə ölkənin sənaye sahəsində aparıcı təşkilatlarından biri olan Sumqayıt Texnologiyalar Parkının bazasında “Sənaye məhsullarının standartlaşdırılması üzrə” yeni Texniki Komitə yaradılıb və Əsasnaməsi, strukturu, tərkibi, 2014-cü il üçün Fəaliyyət Planı təsdiq edilib. Texniki Komitənin strukturuna “Sumqayıt Texnologiyalar Parkı” MMC və Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu ilə yanaşı, “Polimer məmulatların standartlaşdırılması”, “Elektrik məmulatların standartlaşdırılması”, “Tikinti materiallarının, dəmir-beton məmulatlarının və metal konstruksiyaların standartlaşdırılması” və “Maşınqayırma” üzrə 4 Alt Komitə də daxildir. Texniki Komitənin əsas məqsədi ölkədə istehsal olunan sənaye məhsullarının xarici bazara çıxışının təmin edilməsi və rəqabət qabiliyyətinin artırılması istiqamətində yeni beynəlxalq tələblərə cavab verən milli standartların işlənib hazırlanması və bu sahədə fəaliyyət göstərən beynəlxalq texniki komitələrlə əlaqələrin genişləndirilməsidir”.
 
 
Daha sonra çıxış edən “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev, Nazirlər Kabinetinin şöbə müdiri Səyyaf İsmayılov və digər hökumət rəsmiləri ölkədə sənayeləşmə siyasətinin davamlı inkişaf etdiyini, bununla bağlı aparılan dövlət siyasətinin uğurlu nəticələrini və gələcəkdə bu sahədə görüləcək işlərlə bağlı məlumatlar veriblər. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun direktoru Sabiq Abdullayev ölkə iqtisadiyyatının inkişafında texniki tənzimləmə və standartlaşdırmanın rolu və bu istiqamətdə texniki komitələrin yaradıldığını bildirib.
 
 
Onun sözlərinə görə, STB-nin bazasında yaradılan “Sənaye məhsullarının standartlaşdırılması üzrə” Texniki Komitənin əsas vəzifələrinə öz səlahiyyətləri daxilində sənaye sahəsini tənzimləyən standartların və digər normativ hüquqi sənədlərin layihələrinin hazırlanmasını və ekspertizasını təşkil etmək, aidiyyəti üzrə təqdim etmək, beynəlxalq təcrübəyə əsaslanaraq, sənaye məhsullarının istehsalı üçün qüvvədə olan beynəlxalq standartlar, normalar və tövsiyələr əsasında müvafiq milli standartların hazırlanması, yenidən baxılması, dəyişdirilməsi, əlavələr edilməsi və ləğvi barədə təkliflər vermək, sənaye sahəsində milli, beynəlxalq (regional) və dövlətlərarası standartların ölkədə tətbiqini genişləndirmək üçün öz səlahiyyətləri çərçivəsində tədbirlər görmək, sənaye məhsullarının istehsalı sahəsində olan beynəlxalq, regional, dövlətlərarası və digər ölkələrin Texniki komitələri ilə müvafiq qaydada əməkdaşlıq etmək və s. aiddir.
 
 
“Sənaye məhsullarının standartlaşdırılması üzrə” Texniki Komitənin sədri İdris Mustafayev TK-nın Fəaliyyət Planı haqqında məlumat verib. Onun sözlərinə görə, Texniki Komitənin 2014-cü il üzrə Fəaliyyət Planına uyğun olaraq, cari il ərzində Avropa standartları əsasında elektrik kabelləri, kabellərin cərəyan keçirən damarları, gəmilərin elektrik avadanlıqları üçün idarəetmə və güc kabelləri, su təchizatı, drenaj və təzyiq altında olan çirkab suları üçün polimer boru kəmərləri sistemi, qazların daşınması üçün polimer boru kəmərləri sistemi və s. ilə bağlı 20 milli standart layihəsinin hazırlanması planlaşdırılıb.
 
Daha sonra TK-nın ilk iclası keçirilib.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 870

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024