12px13px15px17px
Tarix:12/03/14

Avropol məxfi informasiyanın göndərilməsi üçün ictimai “Wi-Fi” şəbəkəsindən istifadəni tövsiyə etmir


İnsanlar üçün kafe, mağaza və digər ictimai yerlərdə açıq “Wi-Fi” şəbəkələri tez-tez istifadəçilərin məlumatlarını, parol və pullarını oğurlayan cinayətkarların fəaliyyət meydançasına çevrilir. Bu barədə Avropa İttifaqının Avropol Polis Xidməti yanında Kibercinayətkarlıqla Mübarizə Mərkəzinin (EC3 – European Cybercrime Centre) rəhbəri Trols Ortinq bildirib. Məxfi informasiya ilə yalnız şəxsi “Wi-Fi” çıxış nöqtəsinə qoşulmuş ev kompüterində işləmək tövsiyə olunur. 

Açıq “Wi-Fi” şəbəkələrində hücumlar adətən “vasitəçi” (man in the middle) üsulu ilə həyata keçirilir. Belə ki, hakerlər kompüterləri onların nəzarəti altında olan “Wi-Fi” nöqtələrinə qoşulmağa məcbur edərək sonradan ötürülən informasiyanı ələ keçirirlər. Ötən ilin payızında buna oxşar hücum Avropa Parlamentinin ərazisində həyata keçirilib. Bundan bir qədər sonra Avropa Parlamentində “Wi-Fi” şəbəkəsinə ümumi çıxış ləğv edilib.  

Mütəxəssislər qeyd edirlər ki, “man in the middle” üsulu ilə hücum prinsipi hamıya yaxşı məlum olsa da, ictimaiyyətin diqqətini yaxın vaxtlarda cəlb etməyə başlayıb. T.Ortinqin fikrincə, istifadəçilər internetdə təhlükəsiz işləmə qaydalarına yiyələnməlidirlər.

Qeyd edək ki, Avropa Kibercinayətkarlıqla Mübarizə Mərkəzinin vəzifəsi mütəşəkkil cinayətkar şəbəkələrin fəaliyyətinin qarşısının alınmasından ibarətdir. Hazırda təşkilatın fəaliyyəti internetdə üç cinayət növünün qarşısının alınması ilə məhdudlaşdırılıb. Bunlar onlayn mütəşəkkil fırıldaqçılıq, uşaq pornoqrafiyasının yayılması və əsas infrastruktur və informasiya sistemlərinə kiberhücumların qarşısının alınması ilə mübarizədir, - "Computerworld www.osp.ru” yazır.  



Baxış sayı: 678

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024