12px13px15px17px
Tarix:13/03/14

Azərbaycanda əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sisteminin proqram təminatı hazırlanıb


Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə (EİS) daxil edilməsi və qeydiyyata alınması prosedurlarını əks etdirən müvafiq qaydalar hazırlanaraq təsdiq olunmaq üçün ölkə hökumətinə təqdim edilib.
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, qaydalar təsdiq edildikdən sonra elektron informasiya sisteminin “Elektron hökumət” portalı üzərindən tətbiqinə yaxın vaxtlarda başlanacaq. Əmək müqaviləsi bildirişlərinin sistemə daxil edilərək qeydiyyata alınması üçün ƏƏSMN tərəfindən elektron informasiya sisteminin proqram təminatının hazırlanması işləri də artıq başa çatdırılıb. Yeni proqram təminatı işəgötürənlərin qeyd olunan bildirişləri e-imza vasitəsilə elektron informasiya sisteminə daxil edə bilmələri və qeydiyyatdan keçirmələrinin asan şəkildə yerinə yetirilməsinə imkan verəcək. 
 
Eyni zamanda, elektron informasiya sisteminə daxil ediləcək əmək müqaviləsi bildirişlərində işçilərin fərdi identifikasiya kodu öz əksini tapacaq. Bu isə işçilər barədə məlumatların həm əmək hüquqlarına əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan, həm də işəgötürənlər tərəfindən avtomatik rejimdə əldə edilməsinə imkan verəcək.
 
Elektron informasiya sisteminin işə salınması ilk növbədə işçi hüquqlarının təminatı istiqamətində mühüm addım olmaqla, əmək münasibətlərinin formal olaraq rəsmiləşdirilməsi, yəni bağlanmış əmək müqaviləsinin bir nüsxəsinin işçiyə verilməməsi və yalnız işəgötürəndə olması kimi hallara son qoyacaq.
 
Beləliklə, elektron informasiya sistemi işçilərin əmək hüquqlarının, eyni zamanda gələcək sosial təminat hüququnun qorunmasında vacib məlumat mənbəyi rolunu oynayacaq. Nəticədə işçi vətəndaşlardan onların iş yerləri, əməkhaqları və s. barədə arayışlar istənilməyəcək, bu barədə müvafiq məlumatları elektron informasiya sistemi vasitəsilə əldə etmək mümkün olacaqdır.
 
Aynur Vəliyeva
 



Baxış sayı: 993

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024