12px13px15px17px
Tarix:17/03/14

Ünvanlı yardım sisteminin avtomatlaşdırılması ilə bağlı tapşırıqlar verilib

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov sosial müdafiə sisteminin təkmilləşdirilməsi, ünvanlı yardım sisteminin avtomatlaşdırılması, əhaliyə xidmətin keyfiyyətcə yaxşılaşdırılması ilə bağlı tapşırıqlar verib.

Bu tapşırıqlar Əmək və Əhalinin  Sosial Müdafiəsi Nazirliyinin Əhalinin sosial müdafiəsi mərkəzlərinin (ƏSMM) direktorları, digər məsul şəxslərinin iştirakı ilə respublikada sosial müdafiə sahəsində aparılan islahat tədbirlərinin cari vəziyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında səsləndirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, S.Müslümov son vaxtlarda nazirliyin fəaliyyət sahələrində şəffaflığın təmin olunması və müasir tələblərə uyğun iş mexanizmlərinin qurulması məqsədilə aparılan islahat tədbirlərindən söz açıb:

“Nazirliyin fəaliyyətində daha geniş əhali kontingenti ilə ünsiyyətin olduğu mühüm iş sahələrindən biri də ünvanlı dövlət sosial yardımı proqramının icrasıdır. Digər tərəfdən, heç kimə sirr deyil ki, bu proqramın icrasında yol verilən ədalətsizlik halları, ünvanlı yardımların ünvanlılıq prinsipi üzrə deyil, müəyyən “şərtlər” əsasında təyinatının az qala artıq adi hala çevrilməsi təbii olaraq cəmiyyətdə narazılıqlarla qarşılanırdı. Ona görə də bu sahədə mövcud olmuş ciddi nöqsanların aradan qaldırılması və ünvanlı yardımların təyinatı prosesinin şəffaflaşdırılması bizim üçün əsas vəzifələrdən biri olmuşdur”.

Aparılan işlərin müsbət nəticələrinin olduğunu, vətəndaşlardan şikayət xarakterli müraciətlərin sayının dəfələrlə azaldığını bildirən S.Müslümov bunun kifayət etmədiyini, bu sahənin bir nəfər vətəndaşda belə haqlı narazılıq yaratmaması üçün müvafiq tədbirlərin davam etdiriləcəyini vurğulayıb. ”İnzibati tədbirlərlə yanaşı, yardımın təyinatı prosedurlarının yenidən formalaşdırılmaqla təkmilləşdirilməsi, bu sahədə məmur-vətəndaş kontaktının neqativ hallara şərait yaradan hal kimi aradan qaldırılması və şəffaf bir sistemin qurulması üçün mütərəqqi beynəlxalq təcrübədən istifadə olunmaqla institusional dəyişikliklərin tətbiqi təmin olunacaq”.

S.Müslümov ünvanlı sosial yardım üçün müraciət və təyinat prosedurunun tam  avtomatlaşdırılması, bu islahatın dəqiq konturlarının və avtomatlaşdırmanın texniki sxeminin, təşkilati detallarının müəyyən edilməsi işlərinin aparıldığını bildirib.

Həqiqət İSABALAYEVA



Baxış sayı: 906

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024