12px13px15px17px
Tarix:31/03/14

Naxçıvanda “Evədək optika” layihəsi uğurla icra edilir

Naxçıvanda “Evədək optika” layihəsi uğurla tətbiq edilir. Bu barədə “Rabitə dünyası” qəzetinə Naxçıvan Muxtar Respublikası Rabitə və yüksək texnologiyalar nazirinin müavini Əli Mikayılov məlumat verib. Onun sözlərinə görə, Muxtar Respublikanın telekommunikasiya infrastrukturunun optik şəbəkə üzərindən qurulması başa çatmaq üzrədir. “Bu gün ümumilikdə muxtar respublikada istismar olunan avtomat telefon stansiyaların 85%-i optik arabağlantılarla təmin edilib ki, bu bizə əhaliyə bütün multimedia xidmətlərini təqdim etməyə imkan verir.

Bundan başqa Muxtar Respublikanın sabit telefon şəbəkəsinin Yeni Nəsil Telekommunikasiya sisteminə keçirilməsi uğurla həyata keçirilir. Bunun nəticəsi olaraq Naxçıvanda “evədək optika” layihəsinin genişlənməsinə imkan var. Hələlik Naxçıvan şəhərində bu layihədən 100-ə yaxın abunəçi bəhrələnib. Proses davam edir.

Yaxın vaxtlarda digər rayon mərkəzlərində, daha sonra isə qəsəbə, kəndlərdə bu layihə həyata keçiriləcək” deyə nazir müavini bildirib. O, sözlərinə davam edərək layihənin “GPON” (Giqabit Passive Optical Network) avadanlığı vasitəsilə həyata keçirildiyini deyib.


“GPON” avadanlıqlarının abunəçi şəbəkəsinə tətbiqi bir optik lif vasitəsilə telefon, yüksəksürətli internet, videotelefon və İP televiziya adlanan rəqəmli televiziya xidmətinin yüksək keyfiyyətlə istifadəçiyə çatdırılmasını təmin edəcək.

“GPON” avadanlığının tətbiqi mövcud şəbəkə infrastrukturunun veriliş məsafəsini,  buraxılış qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq. Avadanlığın köməyi ilə optik lifli kabeli birbaşa abunəçinin evinə çəkmək və beləliklə də ona mis məftilin imkanlığından 100 dəfə yüksək olan 2,5 Gbit/s-lik buraxma zolağı təqdim etmək mümkündür.

“GPON” avadanlığı ilə bir binaya gələn tək bir optik xətt splitterlər (ayrıcılar) vasitəsilə 256 abonentə xidmət göstərəcək. Bundan əlavə, bu avadanlıqlar abonentlərə bir xətlə iki telefon nömrəsini işlətmək imkanı verəcək.

 Həmçinin, bu üsuldan istifadə olunması yüksəksürətli internetin əhatə dairəsini genişləndirməyə və şəbəkənin qurulmasını tezləşdirməyə imkan yaradır.

 Məlumat üçün bildirək ki, bir sıra inkişaf etmiş ölkələrdə geniş şəkildə tətbiq edilən bu üsul özünü doğruldub. İstifadəçiyə yuxarıda qeyd olunanlardan əlavə evdən iş yerinin idarə edilməsi, iş yerinə vizual nəzarət, elektron təhsil almaq, e-ticarət, bütün bank ödənişlərini və köçürmələrini həyata keçirmək kimi məhdudiyyətsiz imkanlar yaradır.

Yeri gəlmişkən qeyd edək ki, “Aztelekom” İB tərəfindən Abşeron rayonu Qurtuluş 93 qəsəbəsində də uyğun texnologiya tətbiq edilib.

Rəvan SOLTANOV



Baxış sayı: 836

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024