12px13px15px17px
Tarix:11/04/14

Avropa İttifaqı İT xərclərini azaltmamağa çağırır

Avropa İttifaqının (Aİ) yeni hesabatında  kibercinayətkarlıq və onunla əlaqədar risklərin artması ilə bağlı narahatlıq ifadə olunub. Belə ki, Avropa nəzarət orqanları birgə komitəsinin (European Supervisory Authorities Joint Committee) hesabatına əsasən, son 12 ay ərzində özəl şirkətlərin, xüsusilə maliyyə sektorunun saytlarına kiberhücumların sayı xeyli artıb. Kibercinayətkarlar İT sistemlərin boşluqlarından istifadə edərək istifadəçilərin fərdi məlumatlarını oğurlayırlar.
 
Bu problemin həlli üçün ilk addım kimi komitə şirkətləri İT büdcəsinin səviyyəsini qorumağa çağırır. Hesabat müəllifləri qeyd edirlər ki, informasiya təhlükəsizliyinin məqsədləri bu gün bəzən biznes məqsədləri ilə müqayisədə arxa plana keçir. Məsələn, müştərilər üçün yeni mobil bankçılığı mümkün qədər tez hazırlamaq istəyən bank İT büdcəsinə düzəlişlər edir.
 
“İnformasiya təhlükəsizliyinin təmini üzrə həllər biznes səmərəliliyi və investisiyaların qayıdışı baxımından ən mürəkkəb qiymətləndirilən həllərdir. Şirkət və ya biznes qarşısında İT xərclərini azaltmaq məsələsi duranda, əməliyyat fəaliyyətindən ən uzaqda informasiya təhlükəsizliyi həlləri olur və məhz onların xərcləri azaldılır. Buna görə Aİ-nin məruzəsində yer alan fikirlərin əksəriyyəti ilə razılaşmaq olar”, - “Kasperski Laboratoriyası” şirkətinin biznesin inkişafı üzrə meneceri Kiril Kersenbaum deyib. Məruzədə əsas nəticə odur ki, məhz İT büdcəsinin stabilliyi şirkətlərə sürətlə inkişaf edən kibercinayətkarlıqla ayaqlaşmağa imkan verir.
 
“İnformzaşita” şirkətinin konsaltinq və audit departamentinin direktoru İvan Melehinin fikrincə, informasiya təhlükəsizliyinə xərclər İT büdcəsinin bir hissəsini təşkil edirsə, təhlükəsizlik və İT büdcəsinin səviyyəsinin qorunması arasında birbaşa əlaqə var. “İT xərclərinin stabil həcmi proqram təminatının vaxtında yenilənməsini, aşkar olunan boşluqların aradan qaldırılmasını, daha təhlükəsiz məhsul və texnologiyalardan istifadəni, insidentlərin aşkarlanması və onlara reaksiya üçün resursların olmasını nəzərdə tutur. Kibertəhlükəsizliyin səviyyəsi bilavasitə bunlardan asılıdır”, - o vurğulayıb.  
 
Aİ-nin hesabatı bir neçə tövsiyəni nəzərdə tutur. Şirkətlərə ilk növbədə təhlükəsizlik sistemlərinin vəziyyətini mütəmadi qiymətləndirmək və bu qiymətləndirməni risk modellərinə daxil etmək məsləhət görülür. İkincisi – autsorsinq üçün verilən İT xidmətləri və “bulud” həllərdən istifadəyə - şirkətlərin kibertəhdidlərlə rastlaşa biləcəyi yeni sahələrə diqqət yetirmək tövsiyə edilir. Hesabat müəlliflərinin fikrincə, İT büdcəsi bu sahələri təhlükəsizlik sistemlərinin diqqətindən kənarda saxlamamalıdır.  
 
Qeyd edilir ki, Avropanın əksər hökumətləri şirkətlərin kibercinayətkarlıqla mübarizəyə hazırlığı üçün mühüm işlər görür. Məsələn, Böyük Britaniya hökuməti Birləşmiş Krallığın bankları ilə birgə əməliyyat təlimi keçirərək bütün əsas sistemlərə kütləvi kiberhücumları dəf ediblər, - "CNews www.cnews.ru” yazır.   
 
 



Baxış sayı: 669

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024