12px13px15px17px
Tarix:24/04/14

Avropa İttifaqı ilə İKT sahəsində əməkdaşlıq əlaqələri müzakirə olunub

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyinin rəhbəri xanım Malena Mardla görüşüb.

Azərbaycanla Avropa İttifaqı arasında müxtəlif sahələrdə uğurlu əməkdaşlıq təməlinin qoyulduğunu bildirən nazir Əli Abbasov respublikamızda davamlı iqtisadi inkişafın təmin edilməsində yüksək texnologiyalar sektorunun rolu, ölkənin inkişaf dinamikasında bu sahənin xüsusi çəkisinin ilbəil artması, həyata keçirilən məqsədyönlü tədbirlər, milli və regional layihələr, o cümlədən, TASİM, "Milli genişzolaqlı internetin inkişafı"ndan söz açıb. Ölkədə yaradılan azad internet mühiti, internet istifadəçilərinin aktivliyini də diqqətə çatdıran nazir Avropa İttifaqı ilə qurulan əlaqələrin İKT sektorunda da inkişaf etdirildiyini, bu əməkdaşlıq çərçivəsində Avropa Komissiyasının rəqəmsal gündəlik üzrə komissarı xanım Neli Krusun Azərbaycana səfərini xatırladıb.
 
Azərbaycanda İKT sektorunun inkişafına yönəlmiş islahatları maraqla izlədiyini deyən Malena Mard genişmiqyaslı tədbirlərin aparıldığını vurğulayaraq, ölkəmizdə İKT sahəsinin prioritet istiqamət kimi önə çəkilməsindən məmnunluğunu bildirib.
 
 
Ölkəmizlə Avropa İttifaqı arasında tərəfdaşlıq əlaqələrinin müxtəlif sahələrdə, həmçinin İKT sahəsində daha da möhkəmləndirilməsinin böyük əhəmiyyət kəsb etdiyini deyən diplomat Aİ-nin həyata keçirdiyi layihələrə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) cəlb edilməsi niyyətində olduğunu qeyd edib. Xüsusən Avropa Komissiyasının təşəbbüsü olan "Tvinninq" proqramında fəallığın artırılması, RYTN əməkdaşlarının müxtəlif təlim proqramlarında iştirakının təmin edilməsinin vacibliyinə toxunan səfir kibertəhlükəsizlik və digər sahələrdə qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsində maraqlı olduqlarını nəzərə çatdırıb.
 
Nazir də öz növbəsində, Aİ təcrübəsinin öyrənilməsinin qarşılıqlı əməkdaşlıq münasibətlərinin gücləndirilməsinə xidmət edəcəyini, bu əlaqələrin gələcək illərdə də davam etdiriləcəyinə əminliyini bildirib.
 
 
 
 
 
 
 



Baxış sayı: 877

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024