12px13px15px17px
Tarix:25/04/14

Argentina Azərbaycanın informasiya texnologiyaları sahəsinə investisiya qoyuluşuna maraq göstərir


Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Argentina Respublikasının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Karlos Dante Riva ilə görüşüb.
 
Görüşdə cari ilin mart ayında Argentinaya işgüzar səfəri zamanı uğurlu və səmərəli nəticələrin əldə edildiyini vurğulayan rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov “Azərbaycan Respublikası və Argentina Respublikası arasında kosmik fəzanın sülh məqsədləri ilə istifadəsinə dair əməkdaşlıq haqqında Çərçivə sazişi”nin gələcək əməkdaşlığın gücləndirilməsinə təkan verəcəyini bildirib.
 
 
Qeyd edilib ki, Argentina tərəfi peyk sənayesi, nüvə texnologiyaları, Argentina-Azərbaycan birgə müəssisələrinin təsis edilməsi, biotexnologiyalar üzrə araşdırmaların aparılması istiqamətləri üzrə ölkəmizlə birgə fəaliyyət və əməkdaşlığın gücləndirilməsi niyyətindədir. Xüsusən ölkəsinin Azərbaycanın yeni peyk layihələrinə göstərdiyi maraqdan söz açan səfir Karlos Dante Riva bildirib ki, Argentinanın kosmik texnologiyalar üzrə ixtisaslaşan “İNVAP” şirkəti növbəti peyk layihələri ilə bağlı elan ediləcək tenderlərdə öz təklifləri ilə iştirak etməyi planlaşdırır. Hər iki ölkənin yüksək texnologiyalar sahəsinin inkişaf etdirilməsi kimi eyni hədəfə malik olduğunu da vurğulayan diplomat ölkəsinin Azərbaycanın informasiya texnologiyaları sahəsinə investisiya qoyuluşunun həyata keçirilməsində maraqlı olduğuna diqqət çəkib.
 
 
Səfir əməkdaşlığın genişləndirilməsində birgə layihələrin vacibliyini bir daha önə çəkərək, “Bakutel-2014” sərgi-konfransında Argentina şirkətlərinin iştirakının istisna edilmədiyini, eyni zamanda Argentina Federal Planlaşdırma, İctimai sərmayələr və xidmətlər naziri Xulio de Vidonun ölkəmizə gözlənilən rəsmi səfəri çərçivəsində birinci “Azərbaycan-Argentina Yüksək Texnologiyalar Forumu”nun keçirilməsinin nəzərdə tutulduğunu xatırladıb.
 
 
Öz növbəsində nazir də mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi, qarşılıqlı sərmayə qoyuluşunun həyata keçirilməsi üçün geniş potensialın olduğunu vurğulayaraq, Karlos Dante Rivanın diplomatik fəaliyyəti dövründə tərəfdaşlıq əlaqələrinin daha da gücləndiriləcəyinə əminliyini ifadə edib.



Baxış sayı: 869

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024