12px13px15px17px
Tarix:26/04/14

“Azərpoçt” MMC-də inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb

Hər il olduğu kimi, bu il də Ümumdünya Poçt İttifaqının dəstəyi ilə  "Azərpoçt"  MMC tərəfindən ölkədə Təhsil və Rabitə və Yüksək Texnologiyalar nazirlikləri ilə birlikdə respublika məktəbləri arasında inşa müsabiqəsi keçirilib.
 
Sayca 43-cü olan müsabiqə yekunlaşaraq qaliblər müəyyənləşdirilib.
 
Qeyd edək ki, yarışa 45660 ədəd inşa təqdim olunub. Daxil olan bütün yazılar müsabiqənin şərtlərinə görə, yerli Təhsil idarələrinin müəllimləri tərəfindən yoxlanılıb, hər bir mövzu üzrə 2 qalib olmaqla hər poçt filialından 6 qalib inşa yazısı "Azərpoçt" MMC-yə təqdim edilib.
 
Bu yazılar da Bakı Baş Təhsil İdarəsi tərəfindən bir daha yoxlanılaraq "yaxşıların yaxşısı" seçilib və nəticədə 30 nəfər qalib müəyyənləşdirilib.
 
Bu gün "Azərpoçt" MMC-də qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
 
Şagirdlərin, valideynlərin, müəllimlərin, poçt filiallarının rəislərinin iştirak etdiyi tədbirdə "Azərpoçt" MMC-nin baş direktor müavini Sübhan Kazımov bildirib ki, inşa müsabiqəsinin mövzuları Ümumdünya Poçt İttifaqı (ÜPİ), RYTN və TN tərəfindən müəyyənləşdirilib.
 
Onun sözlərinə görə, ÜPİ-nin təqdim etdiyi mövzu üzrə qalib elan edilən inşa ingilis dilinə tərcümə edilərək Azərbaycan Respublikası adından sözügedən ittifaqın mərkəzi ofisinə göndəriləcək: "Hər il məktəbliləri bu müsabiqəyə cəlb edirik. Qaliblərin mükafatlandırılması da ümummilli lider Heydər Əliyevin doğum günü ərəfəsində  həyata keçirilir. İldən-ilə yarışda iştirak edən şagirdlərin sayı çoxalır. Bu da onu göstərir ki, müsabiqəyə həvəs və inam artmaqdadır".
 
S.Kazımov daha sonra "Azərpoçt" MMC-nin fəaliyyəti haqqında tədbir iştirakçılarına geniş məlumat verib. Direktor müavini bildirib ki, özündə 74 təşkilatı birləşdirən "Azərpoçt" birinci günlərdən savayı hər gün respublikada 6 istiqamət üzrə poçtdaşımalarını həyata keçirir. "Azərpoçt"un həm də bank müəssisəsi kimi fəaliyyət göstərdiyini vurğulayan S.Kazımov dünyanın bütün ölkələrinə sürətli pulköçürmələrini həyata keçirdiyini qeyd edib.
 
Bundan sonra qaliblərə diplomlar, pul mükafatı və qiymətli hədiyyələr təqdim olunub.

 
Seymur Qasımbəyli
 



Baxış sayı: 1307

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024