12px13px15px17px
Tarix:05/05/14

Azərbaycan məktəbliləri “Intel® İSEF 2014” müsabiqəsinin finalına hazırlaşırlar

Azərbaycanda 2014-cü il mayın 11-dən 16-na kimi Los-Anceles şəhərində  (Kaliforniya, ABŞ) keçiriləcək “Intel® International Science and Engineering Fair 2014” beynəlxalq müsabiqəsinin finalçıları müəyyən edilib.
 
Beynəlxalq “Intel ISEF” müsabiqəsinin milli seçim mərhələsi iştirakçılara öz elmi işlərini və ixtiralarını təqdim etmək, istedadlı həmyaşıdları və həmfikirləri ilə tanış olmaq, yeni dostlar tapmaq və ölkənin elmi elitası ilə əlaqə qurmaq imkanı yaradır.
 
Təşkilat Komitəsindən qeyd edilib ki, “Gələcəyin alimləri” - “Intel ISEF” müsabiqəsinin milli seçim mərhələsi 13-15 fevral tarixlərində Bakı, Sumqayıt və Naxçıvan şəhərlərində orta ümumtəhsil məktəblərinin 9-11 sinif şagirdləri arasında keçirilib. 108 şagird 8 kateqoriya üzrə (riyaziyyat, fizika, kimya, biologiya, tibb və səhiyyə, ekologiya, maşınqayırma, kompüter elmləri) 65 tədqiqat layihəsini təqdim edib.
 
 Bu il “Gələcəyin Alimləri” müsabiqəsi “Intel” korporasiyası, “Madad Azerbaijan”, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Gənclər və Turizm Nazirliyi və Azərbaycanın Təhsil İşçilərinin Müstəqil Həmkarlar İttifaqının dəstəyi ilə keçirilib. Müsabiqəyə, həmçinin Bakı Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti və Qafqaz Universiteti elmi dəstək veriblər. “Gələcəyin Alimləri” müsabiqəsinin qalibi seçilərək “Intel ISEF”-də iştirak etmək hüququ qazanan məktəblilərə gəlincə, burada “Dəmir oksidlərinin nardakı nanohissəciklərinin sintezi və səciyyəsi” layihəsinin müəllifləri, 16 saylı Texniki-Humanitar Liseyin 10 və 11-ci sinif şagirdləri Cəmil İmranov və Nərgiz Allahverdiyeva, Bakı Avropa Liseyinin 11-ci sinif şagirdləri və “Enerjinin kriogen üsulla qorunması” layihəsinin müəllifləri olan Mədinə Mursaqulova, Lalə Cümşüdlü və Cəmil Muradov, Gənc İstedadlar Liseyini təmsil edən və “Qlükoza-fosfatın sintezində yeni üsul və ATF birləşmələrinin effektivliyinin artırılması üçün onlardan istifadə”  layihəsinin müəllifi Ayaz Əbuzərovdur.
 
 
“Intel” şirkətinin MDB ölkələrindəki təhsil proqramlarının direktoru Tatyana Nanayeva məktəblilərə dəstəyin vacibliyindən söz açıb:
 
 “Biz Azərbaycanın gənc alimlər komandasına öz elmi işlərini ABŞ-da məktəblilər üçün keçirilən və ən böyük müsabiqə olan “Intel ISEF”-də uğurla müdafiə etmələrini arzulayırıq. Bugünkü məktəblilərin öz istedadlarını üzə çıxartmaları və yeni texnologiyalar yaratmaları üçün onları buna indidən hazırlamaq lazımdır. Biz inanırıq ki, hökumət, qeyri-hökumət və özəl sektorun birgə səyləri ilə biz ölkədə elmi-texniki tərəqqini sürətləndirən və iqtisadiyyatın yeni mərhələsinə - bilik iqtisadiyyatına (knowledge economy) tezliklə keçidi təmin edəcək sinerji effekti yaradırıq”.
 
 
“Gələcəyin Alimləri” müsabiqəsinin direktoru Gültəkin Hüseynova da məktəblilərin istedadlarının üzə çıxarılmasında dəstəyin vacibliyini qeyd edib: “Bugünkü məktəblilərin nailiyyətləri - elmdəki gələcək ixtiraların zaminidir. Biz inanırıq ki, gənc nəsil elm və texnikanın inkişafına, ətraf mühitin və insanların sağlamlığının qorunmasına öz töhfəsini verəcək, həmçinin, dünyanı dəyişəcək yeni texnologiyalar yarada biləcək. “Intel ISEF” dünyanın müxtəlif guşələrindən olan uşaqların elmi fəaliyyətə cəlb edilməsində, onların istedadının kəşf olunmasında və alimlərlə, habelə, müxtəlif ölkələrdən olan öz həmyaşıdları ilə ünsiyyət qurmasında  böyük rol oynayır.  Biz “Intel ISEF” müsabiqəsinin təşkilatçılarına və bütün iştirakçılarına böyük uğurlar diləyirik”.
 
Qeyd edək ki, Azərbaycan “Intel ISEF” müsabiqəsinə 2011-ci ildə qoşulub. “Gələcəyin Alimləri” milli müsabiqəsi ilk dəfə 2012-ci ildə keçirilib. İndiyə qədər 3 müsabiqə keçirilib. Müsabiqədə Bakı, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən dövlət orta ümumtəhsil və özəl orta ümumtəhsil müəssisələrinin 9-11-ci sinif şagirdləri iştirak edirlər.  Müsabiqə 8 kateqoriya üzrə aparılır (riyaziyyat, fizika, kimya, biologiya, tibb və səhiyyə, ekologiya, maşınqayırma, kompüter elmləri) və gənclərin yaradıcı potensialının inkişafına yönəlib.
 
“Gələcəyin Alimləri” milli müsabiqəsi Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü ilə keçirilir və ölkənin digər  nazirlikləri və təşkilatları tərəfindən dəstəklənir. Respublikanın universitetləri şagirdlərə alimlərlə ünsiyyətdə olmağa və öz tədqiqatlarının eksperimental hissəsini laboratoriyalarda həyata keçirməyə şərait yaradırlar. “Intel International Science and Engineering Fair” isə hər il ABŞ-da “Intel” korporasiyasının təşəbbüsü ilə keçirilən məktəblilərin ümumdünya elmi və mühəndis nailiyyətləri üzrə müsabiqədir. Müsabiqə sadəcə gənc alimlərin müəyyən edilməsinə və dəstəklənməsinə deyil, həmçinin tətbiqi və fundamental elmlər, habelə, texniki yaradıcılıq sahəsində tədqiqatların inkişaf etdirilməsinə yönəlib.
 
 “Intel ISEF” artıq 60 ildir ki, mövcuddur və hər il dünyanın 70 ölkəsindən olan 1500-dən yuxarı şagirdi bir yerə toplayır. Bu müsabiqənin nüfuzu çox böyükdür: iyirmidən çox “Nobel” laureatı və “Filds” medalının iki laureatı vaxtilə onun qalibləri olublar. Müsabiqənin mükafat fondu 3 milyon ABŞ dollarından  çoxdur. Nəhayət, bu müsabiqələrə dəstək verən “Intel” korporasiyası - innovativ yarımötürücü komponentlərin dünya üzrə aparıcı istehsalçısıdır, insanların həyatının keyfiyyətinin daima yüksəldilməsi və onların iş metodlarının təkmilləşdirilməsinə yönələn texnologiyaları və məhsulları yaratmaqla məşğuldur.  
 
“Intel” və “Intel loqotipi” “Intel” korporasiyasının ABŞ-da və digər ölkələrdə qeydiyyatdan keçmiş ticarət nişanıdır.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 477

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 May 2020

24 05 2020