12px13px15px17px
Tarix:05/05/14

Azərbaycanın bitki genetik ehtiyatlarının veb-əsaslı informasiya sistemi Estoniyada nümayiş etdirilib

İlk dəfə yaradılmış Azərbaycan bitki genetik ehtiyatlarının veb-əsaslı informasiya sisteminin ilkin versiyası Estoniyada nümayiş etdirilib.
 
AMEA Genetik Ehtiyatlar İnstitutunun ictimaiyyətlə əlaqələrə məsul əməkdaşı Günel Kamallının sözlərinə görə, Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun doktorantı İlhamə Mirzəliyeva Estoniyada 1 illik təlim və tədqiqat proqramında  iştirakının nəticələrinə dair seminarda çıxış edib.
 
 O, “Azərbaycan bitki genetik ehtiyatlarının veb-əsaslı informasiya sisteminin yaradılması” adlı hesabat tədbirində xatırladıb ki, tədqiqatlar Estoniyanın Tallin Universitetinin  İnformatika İnstitutunda Avropa Komissiyasının elan etdiyi “Erasmus Mundus” Proqramının Cənubi Qafqaz üzrə “ALRAKIS II” Fəaliyyət proqramı çərçivəsində həyata keçirilib.
 
 İ.Mirzəliyeva mövzu üzrə yerinə yetirdiyi tədqiqat işləri haqqında ətraflı məlumat verib və sözügedən sistemi nümayiş etdirib. Sistemin yaradılmasında müasir informasiya texnologiyaları vasitələrindən istifadə edildiyini qeyd edən doktorant gələcəkdə tam istifadəyə verilməsi üçün onun inkişaf dinamikasından, sistemin həm yerli, həm də xarici tədqiqatçılar üçün  daha  da əlverişli istifadəsi və müəyyən analizlər etmək imkanından, informasiya sisteminin bitki genetik ehtiyatları ilə bilavasitə əlaqəsi olanlar üçün əhəmiyyətindən danışıb.
 
Gənc alim seminar iştirakçılarının suallarını cavablandırıb, tədqiqatların nəticələri geniş müzakirə olunub. Aparılmış tədqiqat işi seminar iştirakçıları tərəfindən yüksək qiymətləndirilib və araşdırmaların davam etdirilməsinin vacibliyi vurğulanıb.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 775

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024