12px13px15px17px
Tarix:12/05/14

Ünvan Reyestri İnformasiya Sisteminin fəaliyyəti istiqamətində növbəti mərhələyə qədəm qoyulub

Ünvan Reyestri İnformasiya Sisteminin (ÜRİS) fəaliyyəti istiqamətində növbəti mərhələyə qədəm qoyulub. Belə ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən “Nəqliyyat infrastrukturu obyektlərinə adların verilməsi, daşınmaz əmlak obyektlərinə ünvan nömrələrinin təyini, ünvan lövhələrinin yerləşdirilməsinə dair Dövlət Standartı” işlənib hazırlanıb və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 10 may 2013-cü il tarixli əmri ilə təsdiq edilib.
 
Komitədən qeyd edilib ki, bu standartın təsdiqi ölkəmizdə müasir Avropa standartlarına uyğun və yeni qaydalarla ünvanların verilməsi sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi, müasir texnologiyaların tətbiq edilməsi istiqamətində sistemli tədbirlərin davamı kimi qiymətləndirilir.
 
Dövlət Standartının qəbul edilməsində başlıca məqsəd ölkə üzrə ünvanvermə işlərinin nizamlı və tələblərə uyğun qaydada aparılması, bu sahədə müasir standartların tətbiqi, ünvan məlumatlarının vahidliyi, etibarlılığı və çevikliyinin təmin edilməsidir.
 
Dövlət Standartına əsasən, ölkədə nəqliyyat infrastrukturu obyektlərinə adların verilməsi, daşınmaz əmlak obyektlərinin girişlərinə və binadaxili obyektlərə ünvan nömrələrinin təyini, ünvan lövhələrinin  hazırlanması və quraşdırılması, nəqliyyat infrastrukturu obyektlərinin ünvanla bağlı məkan göstəricilərinin təyini və ünvan reyestrinə dair standartlar müəyyənləşdirilib.
 
Eyni zamanda nəqliyyat infrastrukturu obyektlərinin ünvanla bağlı məkan göstəricilərinin təyini yolları (küçə və prospektin başlanğıcı və sonu, istiqamət mərkəzi, küçənin sağı və solu, nəqliyyat infrastrukturu obyektlərinin mərkəzi xətti, kəsişmə nöqtələri) göstərilib. Təsdiq edilmiş Dövlət Standartında ünvan nömrələrinin təyini prinsipləri (nəqliyyat infrastrukturu obyektlərinin başlanğıcından sonuna doğru nömrələmə prinsipi, məsafə prinsipi, giriş prinsipi, birləşmiş nömrə prinsipi), müxtəlif təyinatlı, yerləşmə vəziyyətlərinə görə fərqlənən daşınmaz əmlak obyektlərinin girişlərinə ünvanvermə ilə bağlı standartlar müəyyənləşdirilib.
 
Ünvan lövhələrinin  hazırlanmasına və quraşdırılmasına qoyulan tələblər Dövlət Standartında əks olunub. Yeni nəqliyyat infrastrukturu obyektlərinin istifadəyə verildiyi, adı dəyişdirildiyi, nəqliyyat infrastrukturu obyektlərinin birləşdiyi (bölündüyü) hallarda müvafiq icra hakimiyyəti orqanının 3 gün müddətində Əmlak Məsələləri Dövlət Komitəsinin  bu barədə məlumatlandırılması qeyd edilib. Daşınmaz əmlak obyektlərinin girişlərinin nömrələnməsinə dair mətn nümunələri, həmçinin nəqliyyat infrastrukturu obyektlərinin adlarını və daşınmaz əmlak obyektlərinin nömrələrini əks etdirən lövhələrin nümunələri də Dövlət Standartında öz əksini tapıb.
 
 
“Nəqliyyat infrastrukturu obyektlərinə adların verilməsi, daşınmaz əmlak obyektlərinə ünvan nömrələrinin təyini, ünvan lövhələrinin yerləşdirilməsinə dair Dövlət Standartı”nın təsdiqi və qüvvəyə minməsi ölkəmizdə ünvanvermə işinin müasir tələblər çərçivəsində, sistemli şəkildə qurulması üçün normativ-hüquqi zəmin yaradır.
 
 
Dövlət Standartı ilə aşağıdakı linkdə tanış ola bilərsiniz:
http://www.emdk.gov.az/files/uploader/UNVAN_Standart.pdf
 
 
Həqiqət İSABALAYEVA
 
 



Baxış sayı: 529

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 May 2020

24 05 2020