12px13px15px17px
Tarix:15/05/14

AMEA Coğrafiya İnstitutunun direktoru: “Gənclər internet və İKT-dən istifadəni genişləndirməlidirlər”

“Ölkəmizdə gənclərlə bağlı dövlət proqramlarının, müxtəlif layihələrin  həyata keçirilməsi dövlətin gənc nəslə olan diqqət və qayğısından xəbər verir. Azərbaycan Respublikasının Prezidenti yanında yeni Bilik Fondunun yaradılması elm və  təhsildə olan boşluqları doldurmağa, bir çox ehtiyacları ödəməyə yardımçı olacaq”. Bu fikri AMEA Coğrafiya İnstitutunun Gənc Alimlər Şurasının I ümumi yığıncağında institutun direktoru, AMEA-nın  müxbir üzvü, texnika elmləri doktoru, professor Ramiz Məmmədov bildirib.
 
İnstitutdan qeyd edilib ki, R.Məmmədov elmin inkişafında gənclərin rolunu   yüksək qiymətləndirərək, respublikada  onlar üçün yaradılan imkanlardan söhbət açıb, xarici dillərin mənimsənilməsinin   vacibliyindən danışıb, yüksək nəticələrə nail olmaları üçün fəallığı  artırmağı tövsiyə edib. Onun sözlərinə görə, gənclər elmi və ictimai fəaliyyətlərində internet və informasiya-kommunikasiya texnologiyalarından istifadəni genişləndirməlidirlər.
 
 
İnstitutun elmi işlər üzrə direktor müavini, coğrafiya üzrə elmlər doktoru Elbrus Əlizadə gənc alimləri təşəbbüskarlığa, novatorluğa çağıraraq onları elmi fəaliyyətlərinin səmərəliliyini artırmaq məqsədilə müdiriyyətə etdikləri müraciətlərin cavabsız qalmayacağına, onlara imkan daxilində köməklik göstəriləcəyinə əmin edib.
 
 
İnstitutun həmkarlar təşkilatının sədri, c.ü.f.d. Habil Haqverdiyev gənc kadrların potensialından istifadə etməyin vacibliyindən söz açıb. O, institutda çalışan gənclərin geniş miqyasda elmi və elmi-təşkilati fəaliyyətə cəlb olunması istiqamətində bir sıra tədbirlərin həyata keçirildiyini vurğulayıb. Sonra institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, e.i. c.ü.f.d. Samirə Ələkbərova şuranın tərkibi, strukturu, üzvləri, idarə heyəti, vəzifələri, gənc alimlərin sosial məişət məsələlərinə dair problemlərin həlli yolları  və s. barədə iclas iştirakçılarına məlumat verdi, qarşıda duran öhdəliklərin icrası və problemlərin operativ həlli üçün gənclərin mütəmadi olaraq iclaslar, elmi seminarlarda toplanmasının vacib olduğunu xüsusi qeyd edib.
 
 
GAMŞ-ın sədr müavini, k.e.i. Rauf Əmənov görülməsi nəzərdə tutulan işlər  və təkliflər barədə danışdı. Gənc alim elmi seminar və təlimlərin təşkil olunması, layihələrin yazılma qaydaları, CİS nəzəri məlumatlandırma seminarlarının keçirilməsi, xaricdə impakt faktor olan jurnallarda məqalə çapı və yazılma qaydaları, “conversation” klubun təşkil olunması, effektiv məqalə, dissertasiya yazma qaydaları, institutun maddi-texniki bazasından istifadə imkanları və s. haqqında geniş məlumat verib. R.Əmənov gənclərin elmi seminarlarda, yığıncaqlarda aktiv iştirakını təmin etmək məqsədilə məlumatlandırma üsullarından olan Coğrafiya İnstitutunun və Azərbaycan Coğrafiya Cəmiyyətinin saytlarından, GAMŞ-ın “Facebook” səhifəsindən, gənclərin elektron poçtlarından və s. istifadənin mümkünlüyünü qeyd edib.
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 622

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024