12px13px15px17px
Tarix:26/05/14

“Startup Azərbaycan” müsabiqəsinə 28 startup buraxılıb

“Startup Azərbaycan”  Təşkilat Komitəsinin növbəti toplantısında “Startup Azərbaycan 2014” müsabiqəsinə təqdim edilən 42 startupın müsabiqəyə buraxılması və qiymətləndirilməyə təqdim edilməsi məsələsinə baxılıb. 

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən,  “Startup Azərbaycan” müsabiqəsinin qaydalarına görə,  müsabiqədə iştirak etmək niyyətində olan startuplar 1-ci səsvermə mərhələsində ekspertlərin qiymətləndirməsi üçün ilkin biznes plan (Layihə haqqında ilkin məlumatlar) təqdim etməlidirlər.
 
“Startup Azərbaycan” TK-nın apardığı ilkin ekspertizanın nəticələrinə əsasən məlum olub ki,  14 layihə ilə bağlı qaydalarda nəzərdə tutulan zəruri və  qiymətləndirmə üçün gərəkli olan ilkin məlumatlar qeydiyyat müddəti ərzində müsabiqəyə təqdim edilməyib. 

Odur ki, bu startuplar “Startup Azərbaycan” TK tərəfindən  müsabiqədən kənarlaşdırılıb və qiymətləndirilməyə buraxılmayıb.

Beləliklə, “Startup Azərbaycan” TK tərəfindən müsabiqə qaydalarına uyğun olaraq qeydiyyatdan keçən və zəruri sənədləri təqdim edən 28  startup müsabiqəyə qəbul edilib və ilkin qiymətləndirmə üçün ekspertlərə təqdim edilib. Müsabiqəyə qəbul edilən startupların siyahısı “www.startup.az" resursunda yerləşdirilib.

Ekspertlər qaydalara uyğun olaraq startupların qiymətləndirilməsini 10 gün müddətində həyata keçirəcək və onların dəyərləndirməsi  əsasında  yarımfinalçılar müəyyən olunacaq.

Yarımfinala çıxan startuplar üçün biznes planların  və təqdimatların hazırlanması istiqamətində iyun ayının 1-ci yarısında təlimlərin keçirilməsi nəzərdə tutulub. Təlimlər beynəlxalq ekspertin iştirakı ilə keçiriləcək.
 

Yarımfinalçıların təqdim etdikləri biznes planlar əsasında ekspertlər 25 iyun tarixinədək finalçıları müəyyən edəcəklər.

Finala çıxan startuplarla investorların qapalı görüşünün iyunun sonunda keçirilməsi nəzərdə tutulub.

“Startup Azərbaycan” Yekun Təqdimat mərasiminin və ənənəvi “Startup Azərbaycan 2014” Milli Konfransının iyun ayının sonunda  keçirilməsi planlaşdırılır.

“Startup Azərbaycan” Azərbaycan İnternet Forumunun təşkilatçılığı ilə keçirilir. 
“Startup Azərbaycan” layihəsinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu dəstək verir.
 
 “Startup Azərbaycan”ın Akademik partnyoru ADA Universitetidir. Yüksək Texnologiyalar Parkı, “İnfiPro”, “SİNAM” və “Bakcell” şirkətləri “Startup Azərbaycan”a dəstək verir və sponsorluq edirlər.
 
Aynur Vəliyeva
 



Baxış sayı: 560

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024