12px13px15px17px
Tarix:27/05/14

Virtual aləmdə baş verən neqativ hallarla mübarizə yolları müzakirə olunub

 “Jurnalistlər Ekstremal Şəraitdə” İctimai Birliyinin təşkilatçılığı ilə Mingəçevir Media Mərkəzində “Virtual aləmdə baş verən neqativ halların aradan qaldırılması yolları” mövzusunda tədbir keçirilib.
 
KİV və QHT nümayəndələrinin, gənclərin iştirak etdiyi “dəyirmi masa”da təşkilatın sədri Firuzə Əsədullayeva Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirilən layihə barədə məlumat verib.
 
Qeyd edilib ki, layihənin əsas məqsədi sosial şəbəkələrdə baş verən xoşagəlməz halların qarşısının alınmasında ictimaiyyətin rolunu artırmaqdır. “Dəyirmi masa”da virtual aləmdə baş verən problemlərin mahiyyətinə və həlli yollarına müxtəlif aspektlərdən aydınlıq gətirilib.

Diqqətə çatdırılıb ki, internetin sürətli inkişafı yaşlı nəsillə gənclər arasında təbəqələşmə yaradıb. Burada neqativ halların qarşısını almaq üçün konkret reseptlər yoxdur. Dini, ictimai-siyasi, məişət, siyasi sahələrdə gedən müzakirələr bəzən münaqişələrə gətirib çıxarır və kriminal hadisələrlə nəticələnir. İnternet üzərində aparılan şəxsi konfliktlər neçə-neçə gəncin ölümünə səbəb olub. Əksər gənclər sosial şəbəkələrə tanışlıq məkanı kimi baxırlar. Adətən sosial şəbəkələrdən rahat əlaqə yaratmaq, müəyyən suallara cavab tapmaq istəyənlərlə bərabər, çirkin məqsədlər üçün istifadə edənlər də var. Bu da bəzən intihar hadisələrinə, ailələrin dağılmasına gətirib çıxarır. Təəssüf ki, sosial şəbəkələrdə təhqiramiz ifadələr də yer alır.

Son vaxtlar qanunvericilikdə sosial şəbəkələrlə bağlı qadağaların nəzərdə tutulması barədə təşəbbüslər səsləndirilir. Tədbirdə təklif olunub ki, hər bir ziyalı gün ərzində sosial şəbəkələrdə bir neçə maarifləndirici çağırışla çıxış etsin. Bu, şüar xarakterli yazı və ya status da ola bilər.

Tədbir iştirakçıları çap mediasında, sosial şəbəkələrdə milli-mənəvi və etik dəyərlərin qorunması, təhqir və bu kimi digər neqativ halların aradan qaldırılması üçün konkret təkliflər irəli sürülüb. 
 



Baxış sayı: 645

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024