12px13px15px17px
Tarix:04/06/14

Rasim Əliquliyev: “Bu gün hamımızın müəllimi internetdir”

Daha uğurlu gələcəyə nail olmaq üçün yüksək intellektli, dərin elmi biliklərə malik innovativ təfəkkürlü gənclik yetişməlidir. AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın akademik-katibi, müxbir üzv, professor Rasim Əliquliyev bu fikirləri Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Azərbaycan Gənclərinin VII Forumunun bölmə iclasında səsləndirib.
 
 “Yaradıcı gənclərə dəstək və ölkənin innovativ potensialı” adlı bölmədə istedadlı gənclərlə işin daha səmərəli təşkili ilə bağlı görülən işlərdən danışan alim bu gün ölkəmizdə gənclərin potensialının artırılması və onların inkişafı üçün geniş imkanların yaradıldığını bildirib. Alim prezident İlham Əliyevin “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı haqqında sərəncamından irəli gələn vəzifələrdən də söz açıb:
 
 “Ölkəmizdə biliklər cəmiyyətinin qurulması dövlət başçısının çağırışıdır. Gənc alimlərin cəmiyyətdə əsil vətəndaş kimi yetişərək bu prosesdə fəal iştirakı vacibdir. Biliklər cəmiyyətinin əsas qurucuları istedadlı, savadlı, gələcəyə inamla baxan və elmə marağı olan gənclərdir”.
 
Azərbaycanda son on ildə informasiya texnologiyaları sahəsində əldə olunmuş nailiyyətlərdən da danışan. R.Əliquliyev “Bu gün hamımızın müəllimi internetdir” fikrini vurğulayıb. İnformasiya cəmiyyəti ideyalarının diktə etdiyi yeni reallıqlar, informasiya texnologiyalarının insanların həyatında yaratdığı problemlərdən də söz açıb. Qlobal şəbəkənin imkanlarının sərhədsiz olduğunu, elə əsil təhlükənin də bundan qaynaqlandığını diqqətə çatdıraraq gəncləri İnternetdən səmərəli şəkildə, bilik və bacarıqlarını artırmaq, dünyaya inteqrasiya etmək üçün yararlanmağa səsləyib.
 
 
AMEA-da son zamanlar aparılan islahatlar və mühüm dəyişikliklərdən danışan alim gəncləri bu elm ocağında gedən proseslərə qoşulmağa və müvafiq baza kafedralarından yararlanaraq elmi biliklərini zənginləşdirməyə dəvət edib. Qeyd edib ki, hazırda AMEA-da prioritet elmi istiqamətlərin müəyyənləşdirilməsi ilə bağlı tədbirlər görülür. Əsas məqsəd ölkənin maraqlarına və dünyada gedən proseslərə uyğun gələn, cəmiyyətin inkişafına xidmət edən tədqiqatların aparılmasıdır. AMEA-nın akademik-katibi gənclərin elmi fəaliyyətinin stimullaşdırılması məsələsinə də toxunub. Onun sözlərinə görə, hər bir gənc fəaliyyət göstərdiyi sahədə uğur qazanmaq üçün müxtəlif fondların təqdim etdiyi qrant müsabiqələrində, layihələrdə iştirak etməyə maraqlı olmalıdır: “Siz gənclər dünyada gedən qloballaşma prosesini izləməli, özünüzü İnternet mühitində reallaşdırmalı və bazar iqtisadiyyatına qoşulmağı bacarmalısınız”.
 
 
R.Əliquliyev AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının fəaliyyətindən söz açaraq, şuranın innovativ gəncliyin yetişməsinə böyük töhfələr verəcəyinə əminliyini ifadə edib. Azərbaycan alimlərinin dünya elminə inteqrasiyası, tanınmış beynəlxalq elmi bazalarda təmsilçiliyi məsələlərinə də toxunan alim ingilis dilini öyrənməyin müasir dövrün tələbi olduğunu xüsusi vurğulayıb.
 
 
Tədbirdə gənclərin ictimai siyasi fəallığı, müasir təhsilin keyfiyyəti, gənc alimlərin perspektivləri, qrant layihələrində iştirakı, yaradıcı və istedadlı gəncləri narahat edən problemlər və digər məsələlər ətrafında fikir mübadiləsi də aparılıb.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 848

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024