12px13px15px17px
Tarix:06/06/14

Azərbaycanla Malayziya arasında İKT sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Bu gün xarici işlər naziri Elmar Məmmədyarovla  Malayziyanın xarici işlər naziri Anifah Amanın rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. XİN-in mətbuat xidmətindən “ICTnews.az”a verilən məlumata görə, görüşdə E.Məmmədyarov malayziyalı həmkarının ölkəmizə səfərinin iki dövlət arasındakı əlaqələrinin inkişafına öz töhfəsini verəcəyini qeyd edib. 
 
 
 Nazirlər tərəfindən iki dövlət arasında siyasi əlaqələrin mövcud səviyyəsindən məmnunluq ifadə olunaraq, siyasi məsləhətləşmələr mexanizminin intensivləşdirilməsi və müqavilə-hüquq bazasının genişləndirilməsinin zəruriliyi vurğulanıb. 
 
 
E.Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində beynəlxalq hüququn norma və prinsiplərindən çıxış edərək, Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyinə görə Malayziya tərəfinə minnətdarlığını ifadə edib.
 
 
 Ermənistan tərəfindən Azərbaycanın ərazilərinin işğal edildiyi, bir milyondan artıq Azərbaycan vətəndaşının öz doğma torpaqlarından qovulduğunu və işğal olunmuş ərazilərdə azərbaycanlılara qarşı qanlı etnik təmizləmənin törədildiyini deyən nazir 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının münaqişə ilə əlaqədar qəbul etdiyi dörd qətnaməsinin Ermənistan tərəfindən yerinə yetirilmədiyini diqqətə çatdırıb. O, BMT TŞ-nın qətnamələrində Ermənistanın silahlı qüvvələrinin  dərhal, qeyd-şərtsiz və tam şəkildə Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının tələb olunduğunu xatırladıb. 
 
 
Görüşdə Azərbaycan ilə Malayziya arasında energetika, investisiyalar, turizm, mədəniyyət, informasiya və kommunikasiya texnologiyaları, elm-təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi barəsində fikir mübadiləsi aparılmış və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
 
 
SEYMUR
 



Baxış sayı: 564

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024