12px13px15px17px
Tarix:17/06/14

BMT-nin baş katibi Pan Gi Mun: “Dünyada İKT-yə əlçatanlığın təmin edilməsi və genişzolaqlı qoşulmalara girişin genişləndirilməsi üçün əlimizdən gələni etməliyik”

Cenevrədə "İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti - 2014"  (WSIS - World Summit on the Information Society) keçirilib.
 
 
Son on il ərzində "WSIS"-in qərarlarının icra vəziyyətini nəzərdən keçirmək, eyni zamanda 2015-ci ildən sonrakı dövr üçün inkişaf xəttini, prioritet istiqamətləri müəyyən etmək məqsədilə keçirilən tədbirə 1600-dən çox iştirakçı, o cümlədən 100-dən artıq ölkənin naziri, beynəlxalq təşkilatların rəhbərləri, BMT-nin ixtisaslaşmış müəssisələri, özəl sektor, vətəndaş cəmiyyətinin nümayəndələri qatılıblar.
 
Tədbirdə Azərbaycanı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Hüquq və kadrlar şöbəsinin müdiri Bəxtiyar Məmmədov, Beynəlxalq əlaqələr və qeyri-dövlət qurumları ilə iş şöbəsinin mütəxəssisləri Tamara Həsənova və İlahə Rzayeva təmsil ediblər.

Sammitdə video müraciətlə çıxış edən BMT-nin baş katibi Pan Gi Mun qeyd edib ki, informasiya-kommunikasiya texnologiyaları rəqəmli fərqliliyin aradan qaldırılması və dayanıqlı inkişafın iqtisadi artım, ekoloji sabitlik, sosial inteqrasiya kimi 3 sütununun gerçəkləşməsinə nail olunnmasında əsas amil kimi çoxdan tanınıb:

"Biz ucqar rayonları, dənizə çıxışı olmayan ölkələri, kiçik ada dövlətləri, az inkişaf etmiş ölkələrin əhalisini əhatə etməklə, bütün dünyada İKT-yə əlçatanlığın təmin edilməsi və genişzolaqlı qoşulmalara girişin genişləndirilməsi üçün əlimizdən gələni etməliyik. Bu, milyonlarla insanın hüquq və imkanlarını genişləndirəcək, eyni zamanda bizə 2015-ci ildən sonrakı dövrün inkişaf məqsədlərinə nail olmağımıza imkan verəcək".
 
 
Sammitdə Azərbaycan nümayəndə heyətindən Bəxtiyar Məmmədov da çıxış edərək, həyatımızın bütün sahələrinə sürətlə nüfuz edən İKT-nin dünya iqtisadiyyatının ən dinamik inkişaf edən sektoruna çevrildiyini bildirib.

Daha sonra B.Məmmədov Azərbaycanın informasiya cəmiyyəti sahəsində əldə etdiyi təcrübə və uğurları iştirakçılarla bölüşüb. Azərbaycanın İKT siyasəti, bu sahədə aparılan islahatlar, dövlət dəstəyi çərçivəsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən görülən tədbirlər haqda tədbir iştirakçılarına geniş məlumat verən natiq respublika prezidenti İlham Əliyev tərəfindən İKT-nin prioritet sahə elan edildiyi, sektorun inkişaf etdirilməsinə yönələn milli strategiyaların hazırlandığı, o cümlədən Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair "2014-2020-ci illər üçün Milli Strategiya"nın qəbulundan söz açıb.

Ölkəmizin "TASİM" kimi transmilli layihələrin təşəbbüskarı və iştirakçısına çevrildiyini də vurğulayan B.Məmmədov regional layihələrlə yanaşı, milli layihələrdən, o cümlədən, milli peyk sənayesinin inkişaf etdirilməsi, internetin genişləndirilməsi və s. istiqamətlər üzrə gələcək planlardan söz açıb.
 
 
Qeyd edək ki, İKT sahəsi üzrə ən yüksəksəviyyəli tədbirlərdən sayılan İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti ənənəvi olaraq hər il Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ), BMT-nin Elm, Təhsil və Mədəniyyət üzrə bölməsi (UNESCO), BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) və BMT-nin İnkişaf Proqramı (UNDP) tərəfindən təşkil olunur.
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 737

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024