12px13px15px17px
Tarix:18/06/14

“Bakı 2015” Avropa Oyunlarında könüllü kimi çalışmaq istəyənlərin mütləq elektron poçt ünvanı olmalıdır

“Bakı 2015” Avropa Oyunlarında könüllü kimi çalışmaq istəyənlər mütləq elektron poçt ünvanına malik olmalıdırlar. Bu barədə məlumat verən Təşkilat Komitəsindən (TK) bildirilib ki, “Konüllü proqramı” artıq açıqdır: “Bütün ərizələr onlayn rejimində qəbul olunur. Əgər könüllü kimi fəaliyyət göstərmək istəyən şəxsin kompüter və ya mobil internet avadanlıqlarından müntəzəm istifadə etmək imkanı yoxdursa, bu məqsədlə ən yaxın universitetdəki Tələbə Gənclər Təşkilatının ofisinə baş çəkə bilər”.
 
 
Qeyd edək ki, “Bakı 2015” Avropa Oyunları kimi böyük ölçülü və həcmli bir tədbirin həyata keçirilməsi üçün oyunlar vaxtı qonaqların qəbul olunması, idman sahəsində iş görülməsi və ya media üzvlərinə və fəxri qonaqlara kömək göstərilməsi kimi müxtəlif vəzifələr üçün 10,000-dən çox könüllü tələb olunur.
 
 
Könüllülər üçün müvafiq keyfiyyətlər də tələb olunur. Bu keyfiyyətlərə mehribanlıq, xeyirxahlıq, ehtiyac duyulan yerdə kömək etmək arzusu, yaxşı ünsiyyət yaratmaq bacarığı, diqqətini xidmətin yerinə yetirilməsinə yönəltmək qabiliyyəti, xarici dillər ilə bağlı bilik, komandada işləmək qabiliyyəti daxildir. TK-dan bildirilib ki, könüllü kimi qeydiyyatdan keçmək bu şəxslərə yeni imkanlar da yaradacaq: “Öz ərizənizi onlayn rejimində tamamlamaq yolu ilə Avropa Oyunlarının könüllüsünə çevrilmək istiqamətində ilk addımınızı atmaqla siz öz karyera tramplininizdə yeni bir pilləyə doğru irəliləyirsiniz.
 
Təlim kursları ərzində siz yeni təcrübə və bilik əldə edəcəksiniz. Qazanılan təcrübə və bilikdən daim yararlana bilərsiniz. Oyunlarda işləmək sizə professional bacarıq və qabiliyyətinizi tətbiq etmək, dostluq və şəbəkələri inkişaf etdirmək imkanı verəcək və ingilis dili bacarıq və vərdişlərinizi tətbiq etmək şəraiti yaradacaq”. Eyni zamanda seçim prosesində oyunlar vaxtına qədər 18 yaşı olan namizədlərə üstünlük veriləcək: “Oyunlar vaxtı növbələr əsasən 8 və 12 saat arasında davam edəcək və buraya istirahət günləri, o cümlədən növbəniz ərzində fasilələr daxil olacaq. Könüllülər üçün müvafiq təlim keçilərək, onların hazırlığı təmin ediləcək. Mürəkkəb vəzifələr üçün bəzi təlimlər bir neçə ay ərzində həyata keçirilə bilər. Könüllü ərizəsinə üstünlük verilməsində çeviklik nümayiş etdirən şəxslər müəyyən bir vəzifəyə seçilmək üçün daha böyük imkana malik olacaqlar”.
 
 
Yeri gəlmişkən, ilk Avropa Oyunlarında iştirakla bağlı Media Portalı da fəaliyyətə başlayır: “Portalda mətbuat nümayəndələrinin qeydiyyat forması yerləşdirilib. “Bakı 2015” Avropa Oyunlarını işıqlandırmaq istəyən mətbuat nümayəndələri Media Portalına daxil olmalı, istifadəçi adı və şifrini əldə etməlidirlər. Bundan ötrü onlar özləri haqda ətraflı məlumatları müvafiq xanaya doldurmalıdırlar”.
 
 
 
Həqiqət İSABALAYEVA
 



Baxış sayı: 5642

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024