12px13px15px17px
Tarix:01/07/14

Müasir təlim texnologiyalarına əsaslanan “Açıq dərs” şəhər birincisi seçildi

Təhsil sahəsində sürətlə gedən qloballaşma Azərbaycan təhsil sisteminin dünya təhsil sisteminə inteqrasiyasını, Avropa standartlarına uyğunlaşdırılmasını, bu aspektdə innovativ təlim metodlarının tətbiqinin genişləndirilməsini, o cümlədən yeni təlim texnologiyaları, fəal və interaktiv təlim metodlarından istifadə etməklə ümumi təhsilin keyfiyyət göstəricilərinin artırılmasını zərurətə çevirib.
 
Məhz bu yanaşmanı əsas tutaraq, Sumqayıt şəhəri 25 saylı tam orta məktəbin “4 a” sinfində keçirilən “Açıq dərs” şəhər birincisi olub. Müasir təlim texnologiyaları ilə təlim prosesinin idarə olunmasını önə çəkən ibtidai sinif müəllimi Şamama Hüseynova “Həyat bilgisi” fənn aylığı çərçivəsində keçirilən “Müəllimin ən yaxşı açıq dərsi” nominasiyasının qalibi seçilərək, Sumqayıt şəhər Təhsil Şöbəsi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) Sumqayıt şəhər Komitəsi tərəfindən Fəxri Fərmanla təltif edilib.
 
Tədris prosesinə gəlincə, “Fədakarlıq” mövzusuna həsr olunmuş dərsdə bu anlayışın izahı Azərbaycan Milli Ordusunun giziri, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun nümunəsində tədqiq edilib. Ümumilikdə dərsin icmalı “Standart”, “Motivasiya”, “Tədqiqat sualı”, “Tədqiqatın aparılması”, “Fədakarlıq”, “İzahlı lüğət”, “Mübariz İbrahimov haqqında ətraflı məlumat (məktubu da daxil olmaqla)”, “Tapşırıq vərəqi 1”, “Məlumatın mübadiləsi və müzakirəsi”, “Tapşırıq vərəqi 2”, “Yaradıcı tətbiqetmə”, “Yadda saxla lövhəsi”, “Ev tapşırığı”, “Nəticələr üzrə qiymətləndirmə” bölmələri əsasında hazırlanıb.
 
Deduktiv tipdə aparılan dərsdə “Beşlik”, ESSE kimi iş üsullarından, resurs olaraq isə dərslik, iş vərəqələri, kompüter və proyektordan istifadə edilib. Motivasiya kimi “Ögey ana”, “Şərikli çörək”, “Uzaq sahillərdə”, “Fəryad” filmlərindən kadrlar izlənilib. Dərs prosesində Sumqayıt şəhər 32 saylı Sumqayıt şəhəri Texniki və Təbiət Elmləri Liseyinin “4 a” sinif şagirdləri ilə canlı bağlantı qurularaq, mövzu ətrafında diskussiyalar aparılıb, lisey şagirdlərinin sualları cavablandırılıb.
 
 
Onu da qeyd edək ki, Sumqayıtda informasiya-kommunikasiya texnologiyalarının dərs prosesinə tətbiqinə aid təlimlərə 2005-ci ildən başlanılıb.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 2189

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024