12px13px15px17px
Tarix:10/07/14

Elektron İnformasiya Köşklərinin quraşdırılmasına başlanılıb

Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində Elektron İnformasiya Köşklərinin quraşdırılmasına start verib. Dünən bununla bağlı Rayon İcra Hakimiyyətinin binasında təqdimat mərasimi keçirilib. Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov respublikamızda İnformasiya Kommunikasiya Texnologiyalarının inkişafı sahəsində görülən işlərlə bağlı məlumat verib:

«İKT sahəsində görülən işlər və qazanılan nailiyyət nəticəsində Azərbaycanın BMT-nin İKT ilə bağlı son hesabatında 28 pillə irəliləyib. Bu sahədə daha ciddi nailiyyətlərə imza atmaq istiqamətində dövlətimiz tərəfindən məqsədyönlü işlər görülür. ASAN Xidmətin yaradılması, İKT ilə bağlı yeni-yeni proqramların qəbulu və icra olunması bunlardan biridir. Azərbaycanın ilk süni peykinin buraxılması, eləcə də digər atılan addımlar deyilənləri təsdiqləyir. Binəqədi rayonu ərazisində də İKT-dən daha səmərəli istifadə, onun tətbiqi, elektron xidmətlərin göstərilməsi prosesinin sürətləndirilməsi istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilir. 2013-cü ilin əvvəllərindən etibarən Binəqədi Rayon İcra Hakimiyyətində sakinlərin müraciət xidməti yaradılıb. Ötən müddət ərzində rayon sakinləri tərəfindən bu xidmətə on minlərlə müraciət daxil olub. Həmçinin, rayon ərazisinin elektron xəritəsi hazırlanıb, rayonun ərazi icra nümayəndələri ilə video konfransların keçirilməsi mümkün olub».


Tədbirdə daha sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin Sənədlər və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elnur İmanov Elektron İnformasiya Köşkü barədə ətraflı məlumat verib: «İlkin mərhələdə rayon sakinləri rayonun 3 ərazisində quraşdırılan Elektron İnformasiya Köşkü vasitəsilə Rayon İcra Hakimiyyəti başçısı, onun müavinləri, aparatın şöbə müdirlərinin qəbul günlərinin qrafiki, icra hakimiyyəti başçısının ərazilərdə keçirdiyi səyyar görüşlər, ərizə formalarının nümunələri və sənədlərin siyahısı barədə məlumat ala bilərlər.

Hələlik yalnız Azərbaycan dilində olan köşklərdə tələbat olacağı təqdirdə digər dillərdən də istifadə mümkünlüyü yaradılacaq. Elektron İnformasiya Köşkündə həmçinin Binəqədi rayonunun elektron xəritəsi, rayon ərazisində aparılan abadlıq-quruculuq işləri, gələcək layihələr haqqında məlumat, Binəqədidə yerləşən idarə-müəssisələr, onların ünvanları, rayondakı dövlət qurumları, təhsil, səhiyyə, turizm, idman, mədəniyyət müəssisələri barədə məlumatlar əksini tapıb. Yaxın vaxtlarda bu cür köşklər daha 4 yerdə quraşdırılacaq. Bununla Elektron İnformasiya Köşklərinin sayı 7-yə çatacaq. Sonrakı mərhələdə isə bu kimi köşklərin rayonun kənd və qəsəbələrində də quraşdırılması nəzərdə tutulur. Bu isə şəffaflığın artırılmasına xidmət edir. Bununla vətəndaş heç bir məmurla təmasda olmadan İcra Hakimiyyətinə müraciət edə bilər».
Daha sonra çıxış edən Rabitə və Yüksək Yexnologiyalar Nazirliyinin informasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri İsfəndiyar Əliyev də ölkəmizdə İKT-nin inkişaf etdirilməsi istiqamətində görülən işlər barədə məlumat verib. Onun sözlərinə görə, ölkəmizdə 440-dan artıq elektron xidmətlərdən istifadə olunur. Nazirlik rəsmisi vurğuladı ki, Binəqədi Rayon İcra Hakimiyyəti də vətəndaşlara elektrion xidmətlərin göstərilməsi istiqamətində xeyli işlər görüb.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sosial innovasiyalar və strateji araşdırmalar şöbəsinin müdir müavini Fariz Cəfərov Binəqədi Rayon İcra Hakimiyyətinin yeni layihəsini yüksək qiymətləndirib.

Sonda Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini İlqar Süleymanov rayon ərazisində həyata keçirilən “Təmiz Binəqədi” layihəsi barədə ətraflı məlumat verib: «Burada məqsəd inzibati üsullarla nəsə iş görmək, təmizlik yaratmaq deyil. Məqsəd insanları könüllü şəkildə rayon ərazisinin təmizliyinə cəlb etməkdir. I Avropa Oyunları ərəfəsində həyata keçirilən bu layihə gələcəkdə də davam etdiriləcək».
Qeyd edək ki, sonda KİV nümayəndələri Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binası ilə tanış olaraq yaradılan şərait, iş rejimi barədə ətraflı məlumatlandırılıblar.



Baxış sayı: 1074

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024