12px13px15px17px
Tarix:11/07/14

Elmin İnkişafı Fondu “Azərkosmos” ASC-də tanışlıq görüşü keçirib

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu bu gün "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətində tanışlıq görüşü keçirib.
 
Görüşün təşkil edilməsində əsas məqsəd hər iki qurumun fəaliyyət istiqamətləri ilə qarşılıqlı tanış olmaq, gələcək əməkdaşlığın prioritetlərini müzakirə etmək olub.
 
Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev və Fondun əməkdaşları "Azərkosmos" ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində "Azərspace-1" peykinin idarə edilməsi prosesi, eləcə də, İdarəetmə Mərkəzinin infrastrukturu və fəaliyyət prinsipləri ilə tanış olublar.
 
Qonaqları rəhbərlik etdiyi qurumla yaxından tanış edən "Azərkosmos" ASC-nin sədri Rəşad Nəbiyev bildirib ki, Qafqazda yeganə peyk operatoru olan "Azərkosmos" ASC rəqəmli teleradio yayımı, VSAT şəbəkələri və digər telekommunikasiya xidmətlərinin göstərilməsi üçün peyk tutumları təqdim edir. Ötən ilin fevral ayında orbitə buraxılan və "Azərkosmos" tərəfindən idarə edilən "Azərspace-1" peyki 46° Şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Onun sözlərinə görə, Elmin İnkişafı Fondu ilə əməkdaşlıq "Azərkosmos" ASC-nin gələcək fəaliyyətinə də müsbət təsir edə bilər.
 
Belə ki, artıq "Azərkosmos" ASC-nin əməkdaşı Niyazi Piriyev Fondun maliyyələşdirdiyi 4-cü "Mobillik qrantı"nın qaliblərindən biri kimi "Sürətli robotlaşdırma: Açıq qaynaq proqramı ilə avtomatlaşdırma sistemləri" layihəsi çərçivəsində 5 gün müddətində ABŞ-ın məşhur Massaçusets Texnologiya İnstitutunda Qabaqcıl Təhsil Proqramında iştirak edəcək.
 
Elmin İnkişafı Fondunun (EİF) icraçı direktoru Elçin Babayev isə "Azərkosmos" ASC-nin əməkdaşları üçün "Azərbaycanda elmin qrant maliyyələşdirilməsi" mövzusunda təqdimat edib.
 
EİF-in Mətbuat Xidmətindən qeyd edilib ki, fondun həyata keçirdiyi müxtəlif qrant layihələri barədə məlumat verən E. Babayev "Azərkosmos" ASC-nin əməkdaşlarını bu layihələrdə yaxından iştirak etməyə çağırıb. E. Babayev qeyd edib ki, ölkədə alınmış elmi nəticələr mütləq dünya miqyasına çıxarılmalıdır. Bunun üçünsə rəqabətə davamlı səviyyədə elmi tədqiqatlar aparmaq lazımdır: "Ölkə prezidenti qeyd edib ki, Azərbaycan bölgənin siyasi və iqtisadi mərkəzinə çevrildiyi kimi, elmi mərkəzinə də çevrilməlidir. Bu amala çatmaq üçün hamımız birlikdə çalışmalıyıq".
                            
Həqiqət İSABALAYEVA



Baxış sayı: 1220

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024