12px13px15px17px
Tarix:15/07/14

“2015-ci ildən sonrakı əsas inkişaf məsələlərinin milli müzakirəsi: gənclər”

Bu gün Azərbaycan Diplomatik Akademiyasında BMT-nin İnkişaf  Proqramı, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Gənclər və İdman Nazirliyi və BMT-nin Əhali Fondu tərəfindən həyata keçirilən “2015-ci ildən sonrakı əsas inkişaf məsələlərinin  milli müzakirəsi: gənclər” adlı Milli Məsləhətləşmələrinin yekun mərhələsi keçirilib.
 
Tədbirdə bildirilib ki, adıçəkilən layihə çərçivəsində Azərbaycanın 3 böyük şəhərində - Gəncə, Quba və Bakıda məsləhətləşmələr keçirilib. Məsləhətləşmələrdə hər şəhərdən 50 gənc iştirak edərək öz fikirlərini bildiriblər. Qeyd edilib ki, bütün dünya üzrə 88 ölkədə keçirilən bu məsləhətləşmələrdə gənclər öz düşüncələrini ortaya qoyur, yaşadıqları dövlətdə və eləcə də regionda nələrin olduğunu, nələri görmək istədiklərini, problemləri və onun həlli yolları haqqında müzakirə aparıblar. Vurğulanıb ki, həyata keçirilən məsləhətləşmələrlə əlaqədar Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARTMŞ) tərəfindən hesabat hazırlanacaq. Həmin hesabatın cari ilin avqustunda tam formalaşdırılaraq hökumətə təqdim olunacağı qeyd edilərək bildirilib ki, sənəddə bugünkü Azərbaycan gəncinin düşüncəsi, istəkləri, arzuları və problemlərin həlli istiqamətində irəli sürdüyü təkliflər yer alacaq.
Hər üç şəhərdə keçirilən məsləhətləşmələrdə təkcə aktiv gənclər deyil, eyni zamanda dövlət və özəl sektorda təmsil olunanlar, QHT və KİV nümayəndələri yaxından iştirak edib.
 
ARTMŞ sədri Şahin Seyidzadə bildirib ki, məsləhətləşmələr zamanı Azərbaycan gəncliyi olduqca maraqlı ideyalar irəli sürüb. Bütün bunların hesabatda qeyd ediləcəyini önə çəkən təşkilat sədri hər bir iştirakçıya fərdi yanaşıldığını, onların özlərini tam göstərmək və sərbəstliyi üçün lazım olan imkanın yaradıldığını deyib.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev isə layihə mövzusunun əhəmiyyətindən danışaraq qeyd edib ki, bu gün Azərbaycan gənci gələcəyə hesablanmış planlar qurur, dünyanın və eləcə də ölkəsinin 2015-ci ildən sonrakı həyatının necə olacağını və necə olmalı olduğu haqqında fikirlərini, proqnozlarını söyləyə bilir, bu istiqamətdə addımlar atırlar:
 
 “Hazırda gənclərimiz təkcə ölkəsində baş verənləri deyil, eləcə də Yer kürəsində cərəyan edən hadisələri müzakirə edir, problemlərin yaranma kökləri haqqında fikir bildirir və ondan qurtulmaq yollarını göstərirlər. Əlbəttə, bütün bunlar bizi sevindirir.  Bu, həm gəncliyimizin informasiya bolluğundan, həm də onların dünya hadisələrinə yanaşma tərzinin olmasından xəbər verir”.
 
 
Qeyd edək ki, yekun mərhələdə BMT Modeli Seminarı təşkil olunub və iştirakçıların təltif olunma mərasimi həyata keçirilib. BMT Modeli Seminarı Birləşmiş Millətlər Təşkilatının müxtəlif komitə nümayəndələrinin gənclər tərəfindən təmsil olunduğu simulyasiya oyunudur. Oyun zamanı 40 gənc 5 regionun ölkələrinin nümayəndələrini canlandıraraq, təmsil etdikləri ölkələrin xüsusiyyətlərinə uyğun problemlər irəli çəkir, müzakirələr apararaq təkliflər və bu təkliflərin icra mexanizmləri haqqında məlumat verirlər.  
 
Seymur Qasımbəyli



Baxış sayı: 714

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024