12px13px15px17px
Tarix:04/08/14

Bərdə rayonunda gənclərə bloq yaradılması, sosial media və yeni mediada ictimai məsuliyyətlə bağlı təlimlər keçirilib

“Regionlarda yeni media və sosial şəbəkələrdə ictimai məsuliyyətin artırılmasına dair seminarların keçirilməsi” layihəsi çərçivəsində Regional İnsan Hüquqları və Media Mərkəzi Bərdə rayonunda ikigünlük seminar keçirib.
 
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi verdiyi və dörd ay müddətində icra olunan layihə regionlarda yaşayan yeni media və sosial şəbəkə fəalları arasında ictimai məsuliyyətin artırılmasına yönəldilib.
 
Təşkilatın sədri Xalid Kazımovun sözlərinə görə, layihə çərçivəsində iki seminarın keçirilməsi nəzərdə tutulur:
 
“İnternet və bu platforma üzərində sürətlə yayılan sosial media bu gün həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilib. Bununla hər bir fərdin özünü ifadə etmək, cəmiyyəti maraqlandıran problemləri ictimailəşdirmək imkanı yaranıb. On il öncə ictimai əhəmiyyətli informasiyalar yayılması üçün müəyyən problemlər yarana bilərdisə, bu gün yeni medianın imkanları sayəsində bu problem aradan qalxıb.
Bu gün region sakinlərini narahat edən ictimai və sosial məsələlər sosial media, xüsusən sosial şəbəkələr, bloqlar, xəbər portallarında işıqlandırılır. Amma bu tribunadan düzgün istifadə edilməməsi bəzən Azərbaycanın dövlətçilik maraqlarına zidd informasiyaların da qısa müddətdə geniş auditoriyada yayılması ilə nəticələnir. Bu layihə çərçivəsində keçirdiyimiz seminarın da əsas məqsədi sosial şəbəkələrdə və vətəndaş jurnalistikası sahəsində fəal olan region gəncləri arasında ictimai məsuliyyətin artırılmasına nail olmaqdır”.
 
 
X.Kazımovun sözlərinə görə, seminar zamanı gənclərə yeni medianın təmamilə məsuliyyətsiz sahə olmadığı və onlara verilən imkandan sui-istifadə edilməməsinin vacibliyi vurğulanıb. Gənclər yeni mediada yaydıqları doğru olmayan informasiya, başqalarına ünvanlanan təhqir, böhtana görə daşıdıqları məsuliyyət barədə məlumatlandırılıb:
 
“Hər bir internet istifadəçisi məsuliyyətli olmalı, internet vasitəsilə hüquqazidd hərəkətlər, qanunazidd çağırışlar etməməlidir. İnternet və sosial mediada kimlərinsə hüquqları pozulursa, buna yol verənlər məsuliyyət daşımalıdır. Əgər bu gün vətəndaşların mülkiyyəti  toxunulmazdırsa, bu hüquq internet məkanında da təmin edilməlidir. Vətəndaşların şərəf və ləyaqətinin qorunması, dövlətin təhlükəsizliyinə xələl gətirən məlumatların yayılmaması digər mətbuat orqanlarında olduğu kimi, internet mediada da yerləşdirilməməlidir”. Digər tərəfdən həm sosial şəbəkələrdə, həm də digər vasitələrdə şikayət etmək imkanları var. Bu hallar cinayət həddinə çatdıqda isə qanunvericilik çərçivəsində addımlar atıla bilər: “Araşdırmalar göstərir ki, internet üzərində hansısa inzibati nəzarət funksiyası tətbiq etmək çətindir. Buna görə də  demokratik ölkələr bu cür hərəkətlərdən imtina edirlər. Belə ki, internetin genişləndiyi illərdə qərb ölkələri müəyyən mikroçiplər vasitəsilə bunun qarşısını almağa hazırlaşırdılar. Amma sonradan bunun senzuraya aparan yol olduğu üzə çıxdı və qarşısı alındı. Bu səbəbdən ən əsas yol internet etikasının cəmiyyətdə oturuşmasını təmin etmək və maarifləndirmə tədbirləri aparmaqdır”.
 
 
Qeyd edək ki, növbəti təlim Naftalanda keçiriləcək. Seminarda Naftalan və Tərtərdən olan gənclər iştirak edəcək. Bu seminar zamanı da Tərtər rayonundan olan gənclərin Naftalana səfəri təşkil ediləcək.
 
Sonrakı mərhələdə seminarda iştirak edən gənclərin yaşadıqları rayonlara aid hazırladıqları xəbər, audio və video reportajların ölkə mediasında yayılmasına köməklik göstəriləcək. Cəbhə bölgəsində yerləşən rayonlara aid xəbərlər həm seminar iştirakçılarının yaratdıqları bloqlarda, həm ölkə mətbuatında, həm də “region xəbərləri” “Facebook” qrupunda yerləşdiriləcək.
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 621

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024