12px13px15px17px
Tarix:23/08/14

ABŞ meymunun “selfie”a müəllif hüququnu tanımayıb

Bu günlərdə internetdə kəkilli əntər "selfie"ı fenomen halına gəlib. Çoxlarında maraq doğuran bu şəkil məşhur bir fotoqrafın kamerası vasitəsi ilə məhz meymunun özü tərəfindən obyektivin yaddaşına həkk olunub. İndi bu şəkillərin müəllif hüquqlarını təmin etmək uğrunda mübarizə gedir. Amma buna nail olmaq elə də mümkün görünmür.

"ICTnews" xəbər xidmətinin "www.therunet.com" saytına istinadən verdiyi məlumata əsasən, ABŞ-ın Müəllif Hüquqları Mühafizəsi Bürosu "heyvanlar, təbiət, bitki tərəfindən yaradılmış işlərin" müəllif hüququ ilə qorunmaması haqda qərar qəbul edib.
 
Büronun qərarında həmçinin müəllif hüququnun "ilahi və qeyri-təbii məxluqlar tərəfindən yaradılan işlərə" aid edilmədiyi bildirilir.
 
Yuxarıda bəhs etdiyimiz hadisə isə belə baş verib. Fotoqraf Devid Sleter 2011-ci ildə İndoneziyada olduğu vaxt bu nadir növ heyvanın  şəkillərini çəkdikdə meymunlardan biri onun fotoaparatını əlindən alaraq düymələrə basmağa başlayıb. Nəticədə Sleter internetdə böyük marağa səbəb olmuş "selfie"ın sahibi olub. "Wikipedia"da bu şəkillər "ictimai əmlak" nişanı ilə yerləşdirilib. Sleter bu şəkillərə ictimai çıxışı bağlamağı tələb etdikdə servis bunu etməkdən imtina edib və bildirilib ki, meymun tərəfindən çəkilmiş "selfie" müəllif hüququ anlayışına aid edilmir.
 
Fotoqrafın sözlərinə əsasən, ictimaiyyətin onu bu şəkillərin sahibi kimi tanımaması nəticəsində o minlərlə dollar pul itirmiş olub.
 
Aynur Vəliyeva
 



Baxış sayı: 2817

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024