12px13px15px17px
Tarix:02/09/14

“Elektron xidmətlərin sayının və keyfiyyətinin artırılması əhalinin vaxta qənaət etməsinə gətirib çıxarıb”

Bu il ərzində Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən göstərilən elektron xidmətlərin sayının 29-a çatdırılması, qeydiyyatla bağlı onlayn xidmətlərə və respublika üzrə mobil ofis xidmətlərinə başlanması  komitənin ən mühüm nailiyyətləridir. Belə ki, elektron xidmətlərin sayının və keyfiyyətinin artırılması əhalinin bu xidmətlərdən heç bir yerə getmədən  optimal faydalanmasına və vaxta qənaət etməsinə gətirib çıxarıb.
 
Bu fikri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) rəisi Məhəmməd İmanov Beyləqanda yerləşən 6 saylı  ərazi idarəsinin yeni inşa edilmiş inzibati binasının açılışında bildirib. Onun sözlərinə görə, komitə daşınmaz əmlakın qeydiyyatı sisteminin müasir prinsiplərlə inkişafı, vətəndaş məmnunluğunun artırılması və sosial yönümlülüyün gücləndirilməsi istiqamətində növbəti tədbirləri həyata keçirib:
 
 “Keçirilən belə tədbirlər vətəndaşlara xidmət səviyyəsinin yüksəldilməsi və sosial məmnunluğun artırılması istiqamətində görülən işlərin davamıdır. Bu istiqamətdə komitənin önəm verdiyi ən mühüm məsələ fəaliyyətin müasir əsaslarla qurulması, modern idarəetmə sisteminin və informasiya-kommunikasiya texnologiyalarının tətbiqidir”. Tədbirdə qeyd olunub ki, yeni inzibati binanın inşa edilərək istifadəyə verilməsi vətəndaşlara daha rahat və operativ, müasir tələblərə cavab verən xidmət şəraitinin yaradılması məqsədini daşıyır. 6 saylı ərazi idarəsinin yeni binasında Beyləqan, Ağcabədi, İmişli və Füzuli rayonlarından olan vətəndaşlara müasir şəraitdə qeydiyyat xidmətləri göstəriləcək. Ümumiyyətlə, komitənin ərazi qeydiyyat idarələrində qəbul şöbələrinin müasir əsaslarla fəaliyyətinə böyük diqqət yetirilir. Vətəndaşlara rahat və operativ xidmətin təşkili məqsədilə binanın birinci mərtəbəsində müasir üsullarla sənəd qəbulu və verilməsini təmin edən müasir xidmət zalı yaradılıb. Xidmətlər zamanı növbəliliyin tənzimlənməsi məqsədilə qəbul zalında elektron növbəlilik aparatı mövcuddur. Quraşdırılmış monitorlarda daşınmaz əmlakın qeydiyyatı prosedurları, zəruri sənədlər, habelə elektron xidmətlərlə bağlı məlumatların əyani surətdə əks olunması təmin edilib. Bütün iş otaqları, iclas zalı və vətəndaşların qəbulu şöbəsində müasir avadanlıqlar və cihazlar quraşdırılıb. Yeni istifadəyə verilən binada yaradılmış müasir xidmət şəraiti müraciət edən vətəndaşlara keyfiyyətli və rahat xidmətin təşkilinə, vaxt itkisinin aradan qaldırılmasına imkan yaradır”.
 
Vurğulanıb ki, məhz müasir xidmətlər, sosial məmnunluq, şəffaflıq və maarifləndirmə kimi prinsiplər komitənin fəaliyyətində daim diqqət mərkəzində saxlanılır.
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 704

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 May 2020

26 05 2020