12px13px15px17px
Tarix:06/09/14

“AzScienceNet” elm kompüter şəbəkəsinin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

AMEA Rəyasət Heyətində “AzScienceNet” elm kompüter şəbəkəsinin (EKŞ) mövcud vəziyyəti və inkişaf perspektivlərinin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib.
 
Müşavirədə AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov, institutun şöbə müdiri texnika üzrə fəlsəfə doktoru Yadigar İmamverdiyev və digər alim və mütəxəssislər iştirak ediblər.
 
 İnformasiya Texnologiyaları İnstitutundan (İTİ) verilən məlumata görə, tədbirdə İTİ-nin direktoru, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev “AzScienceNet” EKŞ-nin fəaliyyətinin təşkil olunmasında əsas məqsədin Azərbaycan elminin inkişafına töhfə vermək olduğunu bildirib. Şəbəkənin infrastrukturunun genişləndirilməsini AMEA və bütövlükdə ölkəmiz üçün ən mühüm hədəflərdən biri kimi qiymətləndirib:
 
“AzScienceNet”-in texniki imkanlarının təkmilləşdirilməsi, şəbəkəyə yeni texnologiyaların tətbiqi, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi qarşıda duran mühüm vəzifələrdir”. Alim “AzScienceNet”-in inkişafına  elmi dəstək verilməsi məqsədilə bu sahədə elmi fəaliyyətin, tədqiqatların gücləndirilməsinin vacibliyini də önə çəkib.
 
“AzScienceNet” şəbəkəsində informasiya təhlükəsizliyi insidentlərini cavablandırma qrupu olan “AzScienceCERT” xidmətinin əhəmiyyətindən danışan R.Əliquliyev burada təhlil və monitorinq işlərinin daha intensiv aparılması, “AzScienceCERT” ilə bağlı yeniliklərin geniş ictimaiyyətə çatdırılmasının vacibliyini diqqətə çatdırıb. Qeyd edib ki, AMEA-da “Wi-Fi” texnologiyasının geniş tətbiqi, “AzSciencenet” EKŞ-nin “Hosting”, “Cloud Computing”, “EduRoam” kimi xidmətlərindən, həmçinin Data Mərkəzin imkanlarından istifadənin genişləndirilməsi akademiya rəhbərliyinin institut qarşısına qoyduğu vəzifələrdəndir.
 
 
Baş mühəndis Rəşid Ələkbərov isə “AzScienceNet”-in ölkə üzrə infrastrukturunun genişləndirilməsilə bağlı görülən işləri diqqətə çatdırıb. Bildirib ki, AMEA-nın 32 institut və təşkilatı fiber-optik kabel vasitəsilə “AzScienceNet” EKŞ-yə qoşulub. Bununla da həmin qurumlar yüksəksürətli internetə çıxış imkanı ilə təmin olunublar. Bundan başqa, “AzScienceNet”-in internetə çıxış sürəti 250 Mb/san-yə çatdırılıb: “İlin sonuna kimi AMEA Aşqarlar Kimyası İnstitutu, Milli Azərbaycan Tarixi Muzeyi və Dendrologiya İnstitutlarının da fiber-optik kabellər vasitəsilə “AzScienceNet” şəbəkəsinə qoşulması nəzərdə tutulur”.
 
 
AMEA-nın Gəncə Bölməsinin şəbəkə infrastrukturunun yenidən qurulduğunu diqqətə çatdıran R.Ələkbərov bölmədə distant tədrisin təşkili ilə bağlı mühüm işlərin görüldüyünü deyib. Onun sözlərinə görə, bu addım Gəncənin elm və təhsil müəssisələrində fəaliyyət göstərən doktorant və dissertantlara informatika fənnindən distant mühazirələrin oxunmasına xidmət edir.
 
 
Müşavirədə, həmçinin “AzScienceNet”-in xidmətlərindən istifadənin genişləndirilməsi məqsədilə institutda seminar və treninqlərin təşkili, şəbəkənin fəaliyyətinin kütləvi informasiya vasitələrində işıqlandırılması məsələləri müzakirə olunub. “AzScienceNet”-də kadr hazırlığı prosesinin gücləndirilməsi, gənc kadrların şəbəkəyə cəlb edilməsi, “Elm TV”-nin fəaliyyətinin təkmilləşdirilməsi və digər mövcud problemlər ətrafında fikir mübadiləsi aparıldı, müvafiq qərarlar qəbul olunub.
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 1104

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024