12px13px15px17px
Tarix:16/09/14

Elektron informasiya sisteminə hər gün 20-30 min ədəd bildiriş daxil edilir

Əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemindən (EİS) istifadə qaydaları barədə işəgötürənlərin geniş məlumatlandırılması, onlara bu sahədə metodiki köməklik göstərilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən çoxşaxəli tədbirlər  həyata keçirilir.
 
Belə tədbirlərdən biri kimi, EİS-in istifadəyə verildiyi vaxtdan, yəni cari il iyulun əvvəllərindən respublikanın bütün bölgələrində “Yardımçı masaları” yaradılıb, onların ünvan və əlaqə nömrələri ictimaiyyətə açıqlanıb. Dövlət Əmək Müfəttişliyi Xidmətinin müfəttişləri tərəfindən “Yardımçı masaları”na müraciət edən hər bir işəgötürənin EİS-dən istifadə ilə bağlı sualları ətraflı cavablandırılmaqla, əmək müqaviləsi bildirişlərinin sistemə daxil edilməsi və qeydiyyatdan keçirilməsi proseduru ilə bağlı onlara praktik bacarıqlar aşılanır.
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, bu günədək təkcə Bakı şəhəri üzrə 105 min nəfərdən çox işəgötürən “Yardımçı masaları”nın xidmətlərindən yararlanıb. Bu sahədə aparılan işlər işəgötürənlər tərəfindən EİS-ə daxil edilən əmək müqaviləsi bildirişlərinin sayının sürətlə artması ilə müşahidə olunur. Belə ki, hər gün sistemə daxil edilən bildirişlərin sayı 20-30 min ədəd təşkil edir və artıq bu günədək EİS-ə 680 mindən çox əmək müqaviləsi bildirişi daxil edilib.
 
 
Qeyd edək ki, Azərbaycan Prezidentinin 2014-cü il 3 fevral tarixli Fərmanına əsasən, əmək müqaviləsi bildirişi üzrə EİS-in tətbiq olunması ölkəmizin əmək bazarına, əmək hüquqlarının təminatına daha çevik və obyektiv, müasir tələblər səviyyəsində dövlət nəzarəti mexanizminin qurulmasına xidmət edir. Bu islahat tədbiri həmçinin qeyri-leqal əməyin qarşısının alınmasına, nəticə etibarilə sosial sığorta və vergi daxilolmalarının artmasına, bununla da işləyən hər bir şəxsin gələcək sosial təminat hüququnun müdafiəsinə və layiqli pensiya təminatına yönəlib.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 1160

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024