12px13px15px17px
Tarix:16/10/14

Azərbaycanın ilk telekommunikasiya peykindən Tacikistanın istifadə imkanları müzakirə olunub

Düşənbədə keçirilən “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 3-cü iclası”nda “Azərspace-1” peykindən istifadə imkanlarına baxılıb.
 
 
 İqtisadiyyat və Sənaye Nazirliyindən verilən məlumata görə, Azərbaycan tərəfindən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Hökumətlərarası Komissiyaya müvafiq dövlət qurumlarının yüksəkvəzifəli rəsmiləri daxil olub. Tacikistan tərəfi isə iclasda bu ölkənin iqtisadi inkişaf və ticarət naziri, Hökumətlərarası Komissiyanın həmsədri Şərif Rahimzodanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.
 
İclasda çıxış edən iqtisadiyyat və sənaye naziri, Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayev dövlət başçılarının qarşılıqlı səfərlərinin, keçirilən görüşlərin Azərbaycan və Tacikistan arasında siyasi, iqtisadi və mədəni əməkdaşlığın genişlənməsində xüsusi əhəmiyyətini vurğulamış, ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini qeyd etmişdir. Bildirilmişdir ki, indiyədək iki ölkə arasında 15-dən çoxu iqtisadi sahədə olmaqla, əməkdaşlığın hüquqi əsaslarını formalaşdıran 35 sənəd imzalanıb.
 
 
Tacikistan Respublikasının iqtisadi inkişaf və ticarət naziri, Hökumətlərarası Komissiyanın həmsədri Şərif Rahimzoda Azərbaycan iş adamlarını Tacikistanda həyata keçirilən layihələrdə fəal iştiraka dəvət edib.
 
 
 Komissiyanın iclasında Azərbaycan və Tacikistan arasında əməkdaşlığın genişləndirilməsi üçün müxtəlif sahələrdə, o cümlədən Azərbaycandan Tacikistana ixrac olunan məhsulların diversifikasiyasına, qarşılıqlı investisiya qoyuluşu üçün investisiya layihələrinə dair məlumat mübadiləsinə, birgə müəssisələrin yaradılması imkanlarına, nəqliyyat əlaqələrinin genişləndirilməsinə, Tacikistanda həyata keçirilən layihələrdə Azərbaycan şirkətlərinin iştirakına, kənd təsərrüfatı sahəsində hər iki ölkənin şirkətləri arasında əməkdaşlığa, Tacikistanın Azərbaycanın ilk telekommunikasiya peykindən istifadə imkanlarına, hər iki ölkədə iş adamlarının iştirakı ilə birgə sərgi, forum, konfrans və digər tədbirlərin keçirilməsinə dair müzakirələr aparılıb.
 
 
İclasın sonunda Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının 3-cü iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi Komissiyanın həmsədrləri - Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və Tacikistan Respublikasının iqtisadi inkişaf və ticarət naziri Şərif Rahimzoda imzalamışlar. Sənəddə müqavilə-hüquqi bazanın genişləndirilməsi, ticarət, iqtisadiyyat, investisiya, sənaye, nəqliyyat, bank, kənd təsərrüfatı, rabitə və yüksək texnologiyalar, energetika və su ehtiyatları, səhiyyə, təhsil və elm, mədəniyyət və turizm, miqrasiya və məşğulluq, ətraf mühitin mühafizəsi sahəsində əlaqələrin inkişafı nəzərdə tutulur. 
 
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi rəsmi şəxslərdən və iş adamlarından ibarət Azərbaycan nümayəndə heyəti Düşənbədə keçirilən İqtisadiyyat və İnvestisiya Forumunda da iştirak edib.
 
 
Forum çərçivəsində Tacikistan-Azərbaycan biznes forumu keçirilmişdir.
 
Tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, sənaye, tikinti, maliyyə, İKT, energetika, səhiyyə və s. sahələrdə fəaliyyət göstərən 100-ə yaxın iş adamı iştirak edib.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 1103

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024