12px13px15px17px
Tarix:17/10/14

Azərbaycan və Özbəkistan arasında gömrük sistemində İKT istiqaməti üzrə əməkdaşlıq məsələsi müzakirə edilib

Azərbaycan və Özbəkistan gömrük sistemində informasiya-kommunikasiya texnologiyaları, kadr potensialının gücləndirilməsi, qaçaqmalçılıqla mübarizə və s. sahələrdə əməkdaşlıq etmək niyyətindədirlər.
 
Bu məsələlər Özbəkistan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Zoxid Dusanovun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri zamanı Azərbaycan Gömrük Xidmətinin rəhbərliyi ilə keçirdiyi görüşdə müzakirəyə çıxarılıb.
 
Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib ki, görüşdə DGK sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev bütün sahələrdə, o cümlədən, gömrük sferasında qarşılıqlı əməkdaşlığın yüksək səviyyədə qurulduğunu, eyni zamanda gömrük orqanlarının qarşılıqlı fəaliyyətinin gücləndirilməsinin zəruriliyini nəzərə çatdırıb. Görüşün sonunda isə Azərbaycan və Özbəkistan gömrük xidmətləri arasında iki sənəd - "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Özbəkistan Respublikası Dövlət Gömrük Komitəsi arasında dövlət sərhədindən keçirilən mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsinin təşkili barədə Protokol" və "2015-2016-cı illər üzrə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Özbəkistan Respublikası Dövlət Gömrük Komitəsi arasında gömrük işi sahəsində İkitərəfli Əməkdaşlıq Planı" imzalanıb.
 
Daha sonra Özbəkistan nümayəndə heyəti Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin infrastrukturu ilə tanış olub, informasiya-kommunikasiya texnologiyaları, eləcə də "elektron sənəd" dövriyyəsi və "elektron imza"nın tətbiqi məsələlərini nəzərdən keçiriblər.
 
Eyni zamanda, qonaqlar Dövlət Gömrük Komitəsində "Hədəf" Mərkəzinə baxış keçirib, gömrük xidmətinin müasirləşdirilməsi layihələri ilə tanış olublar.
 
 Bildirilib ki, BMT İnkişaf Proqramının Azərbaycan Gömrük Xidmətinin təkmilləşdirilməsi layihəsi üzrə yaradılan Mərkəzin məqsədi ölkənin gömrük-buraxılış məntəqələrində, eləcə də daxili gömrük orqanlarında, hava limanında və dəmir yolunda həyata keçirilən gömrük prosedurlarını vahid mərkəzdən müşahidə etməkdir. Bu görüntülər yerlərdə quraşdırılan 1000-dək kamera vasitəsilə birbaşa Mərkəzə ötürülür və buradakı 20 monitorla izlənilir.
 
 Bundan başqa, gömrük rəsmiləşdirilməsi zamanı yerli gömrük orqanlarında fiziki və hüquqi şəxslərə dair qeydə alınan məlumatlar, o cümlədən, nəqliyyat vasitələrinin texniki göstəriciləri də "onlayn" şəklində "Hədəf" Mərkəzinə daxil olur.
 
 Bütün bunlar, ölkənin gömrük ərazisindəki giriş və çıxış məntəqələrində sərnişin və yükdaşımalarına gömrük nəzarətini artırmağa, həm də bu nəzarəti daha çevik və mütəşəkkil qaydada həyata keçirməyə imkan yaradır. O da nəzərə çatdırılıb ki, "Hədəf" Mərkəzinə daxil olan videogörüntülərlə yanaşı, yük-nəqliyyat vasitələrinin nəzərdə tutulan ünvana hərəkət istiqamətlərini də elektron tabloda izləmək mümkündür. "Hədəf" Mərkəzində hava yolu ilə hərəkət edən sərnişinlərin kimliyi, həmçinin gün ərzində rəsmiləşdirilən yük-gömrük bəyannamələrinin sayı barədə bilgilər əldə etmək olar.
 
 
Dövlət Gömrük Komitəsinin sədri Zoxid Dusanovun rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyası ilə sərhəddə yerləşən Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük-buraxılış məntəqəsinə də səfər edib.
 
Qeyd olunub ki, gömrük-buraxılış məntəqəsində "bir pəncərə" sistemi tətbiq edilir.
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 689

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024