12px13px15px17px
Tarix:22/10/14

İnformatika üzrə beynəlxalq müsabiqə ilə bağlı seminar keçiriləcək

Azərbaycan ACM (Association for Computing Machinery – "ey-si-em" – Hesablama Maşınları üzrə Assosiasiya)  Bölməsi 25 oktyabr hər kəsi informatika üzrə beynəlxalq "Qunduz" ("Bebras") müsabiqəsi ilə bağlı seminara dəvət edir.
 
Bu müsabiqə ("Bebras" International Contest on Informatics and Computer Fluency) proqramlaşdırma bilikləri olmayan şagirdlərin alqoritmik və məntiqi təfəkkürlərini qiymətləndirmək üçün hazırlanıb.
 
ACM-dən qeyd edilib ki, başlanğıcı 2004-cü ildə qoyulmuş "Qunduz" müsabiqəsi hazırda dünyanın 30-a yaxın ölkəsində, o cümlədən Avstriya, Almaniya, Fransa, Kanada, Yaponiyada mütəmadi olaraq keçirilir:
 




 
"Azərbaycanda isə ilk "Qunduz" müsabiqəsi 6 aprel 2014-cü ildə İsmayıllı rayonunun məktəbliləri arasında keçirilib. Azərbaycan Respublikası Təhsil Nazirliyi, İsmayıllı rayon İcra Hakimiyyəti, İsmayıllı Rayon Təhsil şöbəsinin dəstəyi, Xəzər Beynəlxalq İnvestisiya şirkətinin sponsorluğu və həmçinin "İSTECH" və "NEATS" şirkətlərinin təşkilati dəstəyi ilə baş tutmuş bu yarışda 4-9-cu siniflərdə oxuyan 265 şagird iştirak edib. Hər il olduğu kimi, bu il də noyabr ayında dünyanın bir çox ölkəsində "Qunduz" Həftəsi keçiriləcək. Ölkəmizin 10-14 noyabr tarixləri baş tutacaq 11-ci Ümumdünya "Qunduz" Həftəsinə qoşulması nəzərdə tutulur. Bu seminarın əsas məqsədi müsabiqələrdə yerli şagirdlərin iştirakını təmin etmək üçün hazırlıqların görülməsidir".
 
 Seminar Azərbaycan ACM bölməsi tərəfindən təşkil edilir və Bakı şəhəri Binəqədi rayonunda yerləşən 83 nömrəli məktəb-liseydə keçiriləcək:
 
"Tədbirdə əsasən informatika müəllimləri və müsabiqələrin keçirilməsinə kömək etmək istəyən könüllü gənclərin iştirakı nəzərdə tutulur. Müsabiqə ilə maraqlanan hər kəs seminara dəvətlidir". Seminarın birinci hissəsində rəsmi çıxışlar olacaq və ölkəmizdə İnformatika üzrə fənn olimpiadaları və müsabiqələri barədə ümumi məlumat veriləcək. İkinci hissədə iştirakçılara "Qunduz" onlayn sisteminin istifadə qaydaları öyrədiləcək və sistem müəllimlərlə birlikdə sınaqdan keçiriləcək.  Azərbaycan ACM bölməsi təşəbbüs qrupunun üzvü Adil Əliyev deyir:
 
"Qunduz müsabiqəsi vasitəsilə hədəfimiz Azərbaycanın bütün guşələrindən istedadlı şagirdləri aşkar edərək, onların beynəlxalq informatika olimpiadasına hazırlaşmasını təmin etməkdir".  
 
 
ACM-dən bildirilib ki, ən son məlumatları tədbirin səhifəsində öyrənmək olar: https://www.facebook.com/events/355234384636992/
Daha geniş məlumat almaq üçün Azərbaycan ACM bölməsi ilə council@azerbaijan.acm.org e-poçt ünvanı və ya https://www.facebook.com/acm.azerbaijan səhifəsi vasitəsilə əlaqə saxlamaq mümkündür.
 
 

Qeyd edək ki,  Azərbaycan ACM bölməsi Qafqazda ilk peşəkar ACM (Association for Computing Machinery – "ey-si-em" – Hesablama Maşınları üzrə Assosiasiya) bölməsidir. Əsası 1947-ci ildə qoyulmuş assosiasiya informasiya texnologiyalarının sənət, elm, mühəndislik və tətbiqi istiqamətlərini irəli aparmaq amalı daşıyan, informasiyanın azad mübadiləsinə şərait yaratmaqla, ən yüksək etik peşə standartlarını təbliğ etməklə həm peşəkar, həm də ictimai maraqlara xidmət edən beynəlxalq elm və təhsil təşkilatıdır. Azərbaycanda ilk yerli ACM bölməsi olan Bakı Dövlət Universiteti ACM Tələbə bölməsi 2011-ci ilin fevralından, Qafqaz Universitetindəki ACM Tələbə bölməsi isə 2012-ci ilin yanvarından fəaliyyət göstərir. Azərbaycan ACM bölməsi peşəkar ACM bölməsi olaraq 24 fevral 2012-ci ildə təsis olunub.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 1200

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 May 2020

26 05 2020