12px13px15px17px
Tarix:23/10/14

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasının üzvlüyünə namizəddir

Koreya Respublikasının Busan şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Səlahiyyətli Konfransı işini davam etdirir.






BTİ-nin ali orqanı olan Səlahiyyətli Konfrans quruma üzv dövlətlərin təşkilatın gələcəkdəki rolunu və onun informasiya-kommunikasiya texnologiyalarının dünya üzrə inkişafına göstərə biləcəyi təsiri müəyyənləşdirən əsas tədbirdir. Dörd ildən bir keçirilən konfransda qurumun ümumi siyasəti müəyyən olunur, növbəti dövr üçün strateji və maliyyə planları qəbul edilir, qurumun baş katibi və onun müavini, şuranın, büro, komitə və altkomitələrin üzvləri seçilir.






Budəfəki konfransda 175 üzv ölkədən, habelə beynəlxalq və regional təşkilatlardan, müşahidəçi dövlətlərdən ümumilikdə 3 mindən çox nümayəndə iştirak edir. Tədbirdə ölkəmiz rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur. Qeyd edək ki, Azərbaycan Şərqi Avropa və Şimali Asiya regionundan BTİ Şurasının üzvlüyünə namizəddir.






Busan sərgi mərkəzində işə başlayan konfransın açılış mərasimində Koreya Respublikasının Prezidenti xanım Pak Kın Hey, BTİ-nin baş katibi Hamadun Ture çıxış edib, BMT-nin baş katibi Pan Gi Munun videotəbriki nümayiş olunub.






Azərbaycan nümayəndə heyəti konfrans çərçivəsində informasiya-kommunikasiya texnologiyaları sahə nazirlərinin iclasında, ümumi iclasda, Regional Rabitə Birliyinin nümayəndə heyətlərinin rəhbərlərinin görüşündə iştirak edib. Nazir Əli Abbasov çıxışlarında ölkəmizin BTİ ilə əməkdaşlığa böyük önəm verdiyini bildirib, bu istiqamətdə ittifaqın Azərbaycanın irəli sürdüyü layihələrə dəstəyini vurğulayıb.

Ölkəmizdə İKT sektorunda son illər əldə olunan uğurlar barədə danışan nazir Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə, o cümlədən informasiya-kommunikasiya texnologiyaları, yüksək texnologiyalar sahəsindəki inkişaf barədə məlumat verib.


Ə.Abbasov tədbir çərçivəsində BTİ-nin baş katibi Hamadun Ture, Rusiyanın, Macarıstanın, İranın, Uqandanın, Fil Dişi Sahilinin nazirləri ilə ikitərəfli görüşlər də keçirib. Görüşlərdə tərəflər arasında müvafiq sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafı, xarici şirkətlərin Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşunun təşviqi, habelə Azərbaycan şirkətlərinin beynəlxalq bazarlara çıxış imkanları müzakirə edilib.


Konfrans çərçivəsində müxtəlif iclaslar, sərgilər, forumlar, müzakirələr keçiriləcək, BTİ-nin 2016-2020-ci illər üçün strateji və maliyyə planları təsdiqlənəcək, qurumun rəhbər orqanları seçiləcək.

 





Baxış sayı: 1280

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024