12px13px15px17px
Tarix:27/10/14

“Tempus” proqramı çərçivəsində nanotexnologiyalarla bağlı Bakıda növbəti görüş keçiriləcək

5-7 noyabr tarixlərində Bakıda Avropa Birliyinin “Tempus” proqramı çərçivəsində ECONANO qrant layihəsi üzrə növbəti görüş keçiriləcək. Bu, tərəfdaşları İtaliya, Fransa, Yunanıstan və Azərbaycan olan layihə iştirakçıları arasında baş tutan sayca 4-cü görüşdür.
 
 
http://www.tempuseconano.eu/”-dan verilən məlumata görə, ECONANO layihəsinin əsas məqsədi Azərbaycanda “Ekologiya mühəndisliyi” (EM) üzrə mövcud tədris proqramlarının daha müasir və təkmil kursların daxil edilməsi yolu ilə, xüsusilə nanomaterialların ətraf mühitin mühafizəsində tətbiqi və monitorinqini nəzərə alaraq modernləşdirilməsidir.
 
 
Layihədə EM tədris proqramlarının islahatı magistratura pilləsində aparılacaq və eyni zamanda bakalavriat pilləsində keçirilən ekoloji fənlərin korrektə olunması da nəzərdə tutulub. Azərbaycan təhsil sistemində EM üzrə tədrisin modernləşdirilməsində məqsəd neft sənayesinin və digər sənaye sahələrinin intensiv inkişafı ilə əlaqədar yaranan ekoloji təsirlərə qarşı mübarizəni ixtisaslaşmış səviyyədə aparmaqdır. EM tədris proqramının islahatında Azərbaycan ali təhsil sisteminin Avropa Birliyi ölkələrinin ali təhsil sisteminin proqramları ilə harmonizasiyası davamlı şəkildə aparılacaq. Azərbaycan ali məktəbləri ilə Avropa Birliyi ölkələrinin ali məktəblərinin ikili dərəcə çərçivəsində birgə diplomlarının verilməsi məsələsinə baxılacaq. Layihədə iştirak edən İtaliya, Fransa və Yunanıstan universitetləri ilə Azərbaycan universitetlərinin əməkdaşlığı möhkəmləndiriləcək və inkişaf etdiriləcək:
 
 “Layihə çərçivəsində nanotexnologiyanın nailiyyətlərindən istifadə edərək, Azərbaycanın ali təhsil sistemində və Şərqi Avropa ölkələrində “Ekologiya mühəndisliyi” üzrə magistr pilləsi üçün kurrikulumun modernləşdirilməsi və islahatı həyata keçiriləcək. Bu yaradılan kurrikulum Avropa Birliyi ölkələrində bu sahədə mövcud olan kurrikulumlara uyğunlaşdırılacaq. Əsas diqqət Avropa universitetləri ilə tərəfdaşlığa yönəldiləcək. Şərqi Avropa Universitetlərinin bir-biri ilə mövcud olan yaxşı əlaqələrindən istifadə edərək, tələbələr mübadiləsi həyata keçiriləcək. Azərbaycan Xəzəryanı ölkələr sırasında neft ölkəsi kimi Avropa üçün çox maraqlıdır və bu regionda neft istehsalının intensiv inkişafı çoxlu ekoloji problemlərin həllini tələb edir. Odur ki, mühəndis ekologiyası üzrə mütəxəssislərin yetişdirilməsi və onların Avropa standartlarına uyğunlaşdırılması aktual məsələdir. Layihədə mühəndis ekologiyası üzrə magistr hazırlığını nanotexnologiyanın nailiyyətlərinə əsaslanaraq aparmaq daha məqsədəuyğundur. Bunun üçün xüsusi metodika hazırlanacaq, iştirakçı universitetlərin professor-müəllim heyəti cəlb ediləcək, onlar arasında əlaqələr yaradılacaq. Layihə çərçivəsində tələbələrin mübadiləsi həyata keçiriləcək”.
 
Mənbə qeyd edir ki, layihədə bir sıra fəaliyyət istiqamətləri nəzərdə tutulub. Buraya tərəfdaş ölkələrin ali təhsil sistemlərində tədris proqramlarının islahatı və müasirləşdirilməsini təşviq etmək, tərəfdaş ölkələrdə ali təhsilin keyfiyyətinin və üstünlüklərinin inkişaf etdirilməsi, tərəfdaş ölkələr və Avropa İttifaqı ali təhsil müəssisələrinin potensialını artırmaq, xüsusilə beynəlxalq əməkdaşlıq və davamlı islahatlar aparmaq üçün tərəfdaş ölkələrdə onlara kömək etmək, özlərini geniş ictimaiyyətə təqdim etmək, iş tapmaq və geniş dünyaya inteqrasiya olunmaqda yardım etmək daxildir.
 
Eyni zamanda tərəfdaş ölkələrin və Avropa İttifaqına üzv dövlətlərin ali təhsil müəssisələri və elmi tədqiqat institutları arasında şəbəkə artırmaq da layihənin əsas istiqamətlərindəndir.
 
 
Onu da bildirək ki, hazırda Fransanın Paris-13 Universitetində də ECONANO layihəsinin hazırlanması ilə əlaqədar tədbir keçirilir. Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun 1 saylı laboratoriyanın aparıcı elmi işçisi Bəhruz Süleymanov iştirak edir.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 1130

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024