12px13px15px17px
Tarix:29/10/14

“Biznesə başlama”da qeydiyyatı elektron qaydada tətbiq edən Azərbaycan ən çox islahat aparan ilk 10 ölkə sırasındadır

Mütəmadi olaraq, dünyada biznes mühitinin qiymətləndirilməsi istiqamətində dərc olunan müxtəlif hesabatlarda ölkəmizdə reallaşdırılan iqtisadi islahatlar diqqət mərkəzində saxlanılır.

Belə hesabatlardan biri də Dünya Bankı tərəfindən hazırlanaraq oktyabrın 29-da açıqlanan biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni özündə əks etdirən "Doing Business 2015" hesabatıdır. 189 ölkənin biznes mühiti haqqında 2013-cü ilin iyun ayından 2014-cü ilin iyul ayınadək olan dövrü əhatə edən hesabatda Azərbaycanın mövqeyi 8 pillə yaxşılaşıb.
 
İqtisadiyyat və Sənaye Nazirliyindən verilən məlumata görə, biznes mühitinin təkmilləşdirilməsi sahəsində mövcud qanunvericiliyi daha da yaxşılaşdıran Azərbaycan "Doing Business 2015" hesabatında ən çox islahat aparan 10 ölkə sırasında 8-cidir. Belə ki, hesabatda Azərbaycanın 3 indikator üzrə ("Əmlakın qeydiyyatı", "Biznesə başlama" və "Vergilərin ödənişi") həyata keçirmiş islahatlar xüsusilə qeyd olunmuşdur. "Biznesə başlama"da qeydiyyatın elektron qaydada aparılmasının tətbiqi, "Əmlakın qeydiyyatı"nda notariuslar və əmlakın reyestri informasiya bazasının onlayn rejimində inteqrasiyası, "Vergilərin ödənişi"ndə hesabat və ödənişlərin elektron qaydada aparılmasının geniş tətbiqi müsbət nümunə kimi ayrıca vurğulanıb.
 
 
Azərbaycanda 2007-ci ildən başlayaraq ardıcıl şəkildə 9 indikator ("Biznesə başlama", "Tikinti icazələrinin alınması", "Əmlakın qeydiyyatı", "Kreditlərin alınması", "İnvestorların maraqlarının qorunması", "Vergilərin ödənişi", "Müqavilələrin icrası", "Xarici ticarətin aparılması" və "İşçilərin işə qəbulu") üzrə reallaşdırılan 19 islahat  "Doing Business" hesabatlarında öz əksini tapmışdır.
Ötənilki hesabatla müqayisədə bir çox göstəricilər üzrə Azərbaycanın mövqeləri yaxşılaşıb. Belə ki, ölkəmiz "Vergilərin ödənilməsi" göstəricisi üzrə 44 pillə,  "Tikinti icazələrinin alınması" üzrə 30 pillə, "Elektrik təchizatı şəbəkələrinə qoşulma" üzrə 22 pillə, "Əmlakın qeydiyyatı" üzrə 3 pillə, "Xarici ticarətin aparılması" üzrə 2 pillə irəliləyib.
 
 
"Doing Business" hesabatın əsas göstəricisi olan "Etalon Qanunvericiliyə Yaxınlıq" (DTF) indeksi üzrə Azərbaycanın göstəricisi 64.08-ə yüksəlib ki, (əvvəlki hesabatda 61.53) bu da ölkəmizdə biznes mühitinin təkmilləşdirilməsi istiqamətində aparılmış işlərin müsbət nəticəsinin daha bir təsdiqidir.  
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 755

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024