12px13px15px17px
Tarix:30/10/14

Yeni texnologiyaları mənimsəmiş kadrların hazırlanmasında birgə fəaliyyətlə bağlı memorandum imzalanıb

“Tələbələrin innovativ ideyalarının dəstəklənməsi, xüsusi təqaüdlərin təsis edilməsi gələcəyin praqmatik düşüncəli mütəxəssislərinin hazırlanmasına verilən ən böyük töhfədir”.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri təhsil naziri Mikayıl Cabbarov Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) arasında keçirilən görüşdə söyləyib.
 
Nazir ASK-nın ali təhsil müəssisələrində biznes-inkubatorların yaradılması layihəsinə dəstək verəcəyinə əminliyini vurğulayaraq deyib ki, Azərbaycanda təhsil sahəsinə dövlət səviyyəsində xüsusi diqqət göstərilir. Onun sözlərinə görə, ölkə Prezidentinin sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” bu sahəyə verilən önəmi bir daha bariz şəkildə nümayiş etdirir.
 
Bu sənəd təhsilimizin qarşısında duran əsas çağırışları müəyyən edir, bir çox vacib hədəflər üzrə islahatlara zəmin yaradır, təhsil sisteminin institusional əsaslarının, infrastrukturunun və insan resurslarının inkişaf etdirilməsi üçün yolları göstərir.   
Nazir bildirib ki, müasir iqtisadi inkişaf konsepsiyası təhsil sahəsi ilə biznes dünyasının əməkdaşlığının hərtərəfli perspektiv inkişafını tələb edir.   Bunu nəzərə alaraq, Təhsil Nazirliyi işəgötürənlərlə, biznes dünyası ilə sosial əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verir.
 
 
Mikayıl Cabbarov son dövrlər bu sahədə işlərin intensivləşdirildiyini xatırladıb. Müxtəlif ali təhsil müəssisələrində sahibkarların iştirakı ilə məzunlar üçün əmək yarmarkalarının keçirilməsi, peşə təhsili məktəblərində tədrisə sahibkarların cəlb olunması, tələbələrin sahibkarlıq müəssisələrində təcrübə keçməsi ilə bağlı fəaliyyətin artırılması Təhsil Nazirliyinin biznes dünyası ilə əlaqələrinin genişləndirilməsi sahəsində həyata keçirdiyi işlərin görünən hissəsidir.
 
 “Müasir Azərbaycan Peşəkarları” layihəsini xatırladan Mikayıl Cabbarov bildirib ki, bu layihə çərçivəsində peşə təhsili müəssisələrində hazırlanan mütəxəssislər əmək bazarındakı tələbata uyğunluğu ilə seçilir. Belə mütəxəssislərin 75 faizindən çoxu tədrisi başa vuran kimi özünə ixtisasına uyğun iş yeri tapır. Bu isə yeni tədris metodlarının işəgötürənlərin gözləntilərinə uyğun olduğunu göstərir.    
Nazir bildirib ki, müasir dövrdə tədrisin mövcud əmək bazarına uyğunlaşdırılması bütün sahələrdə kadr çatışmazlığının aradan qaldırılmasına, sahibkarlıq obyektlərinin yüksəksəviyyəli yerli kadrlarla təminatına istiqamətlənib. Bu sahədə uğurlara nail olmaq üçün ilk növbədə, sahibkarlarla ali məktəblər və peşə təhsili müəssisələri arasında əlaqələrin daha da genişləndirilməsi vacıbdır. Sahibkarlar onlara hansı keyfiyyətlərə malik kadrların gərək olduğunu birbaşa tədris müəssisələrinə sifarış edir, müvafiq tələblərə uyğun formalaşmasına istiqamət verir. Eyni zamanda sahibkarların tələbələrin təcrübəyə cəlb olunmasına dəstəyi xüsusi əhəmiyyət kəsb edir. Dünya əmək bazarına uyğun, əcnəbi mütəxəssislərdən geri qalmayan rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanması müasir təcrübi biliklərin səviyyəsindən asılıdır.
 
 
Sonra Təhsil Nazirliyi ilə Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) arasında Anlaşma Memorandumu imzalanıb.
ASK-nın prezidenti Məmməd Musayev Azərbaycanda sahibkarlığın vəziyyəti və nazirliklə adı çəkilən qurum arasında imzalanan memorandumun əhəmiyyətindən danışıb. M.Musayev savadlı gənclər hesabına kadr ehtiyatının yaradılmasının vacibliyini vurğulayıb və bu istiqamətdə əməkdaşlığa hazır olduğunu bildirib.
 
 
Memorandum sahibkarlarla Təhsil Nazirliyi arasında əlaqələrin daha da inkişaf etdirilməsi, özəl sektorda çalışan sahibkarlarla sosial partnyorluğun yaradılması, iqtisadiyyatın sürətli inkişafı şəraitində yeni texnologiyaları mənimsəmiş kadrların hazırlanmasında birgə fəaliyyəti nəzərdə tutur.
 
 
SEYMUR



Baxış sayı: 879

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024